"Sülhməramlılar Rusiya prezidentinin imzasına hörmət etməlidirlər" - POLİTOLOQ AÇIQLADI
“Son günlər Ermənistan və Azərbaycan sərhədində, xüsusilə Qarabağ bölgəsində erməni silahlı qüvvələri tərəfindən təxribatlar və atəşkəsin pozulması halları artmaqdadır”. Bunu SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində hələ də mövcudluğunu qoruyub saxlayan Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və müxtəlif silahlar tətbiq etməklə atəşkəsi pozulması ilk növbədə 10 noyabr bəyanatının tələblərinin pozulması deməkdir: “Üçtərəfli bəyanatın dördüncü bəndində qeyd olunur ki, Qarabağ ərazisindən erməni silahlı qüvvələri qeyd şərtsiz çıxarılmalıdır. Təəssüf ki, bəndin məhz bu tələbi hələ də yerinə yetirilmir. Sülhməramlı qüvvələr də bu tələbin yerinə yetirilməsi istiqamətində addımlar atmaqda maraqlı kimi görünmürlər. Qeyd edim ki, Ermənistan tərəfi Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib. Paralel olaraq atəşkəsi pozmaqla təxribatlar törətməkdə davam edir. Bu, onu göstərir ki, Ermənistan yenə də siyasi riyakarlıqla məşğuldur, siyasi ikiüzlülük nümayiş etdirməkdədir. Üzdə beynəlxalq ictimaiyyətin diqqətinə danışıqlara hazır olduqlarını göstərir, arxada isə Azərbaycan mövqelərinə atəş açaraq və müxtəlif xarakterli təxribatlar törətməklə danışıqlara hazırolma bəyanatının yalnız sözdən ibarət olduğunu göstərir. Bütün bunlar 10 noyabr və 11 yanvar bəyanatlarının qarantı rolunda çıxış edən Rusiya tərəfinin proseslərə məsuliyyətsiz yanaşmasını və bəzi hallarda lokal münaqişə ocaqlarının yaranmasında maraqlı olduğunu göstərir. Hesab edirəm ki, Rusiya sülhməramlı qüvvələri məsuliyyətlərini daha dərtindən dərk etməli və sülhməramlı missiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsinə daha ciddi yanaşmalıdırlar. Qarabağ ərazisində Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında ərazilərdə erməni silahlı dəstələrinin tərkisilah edilməsi təmin edilməli və onların yeni hərbi məntəqələr, postlar yaratasının qarşısı alınmalıdır. Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinə daxil olmağa çalışan müxtəlif tipli yüklərə nəzarəti daha ciddi şəkildə artırmalıdır. Bu dəhliz vasitəsilə Azərbaycanın Qarabağ ərazisinə daxil olan insanlar da ciddi şəkildə nəzarətə götürülməlidir. Bura yalnız Qarabağ ermənilərinin daxil olmasına imkan verilməlidir. Ermənistan vətəndaşı xarici ölkə vətəndaşı kimi qəbul edilməlidir və qəti şəkildə Qarabağ bölgəsinə daxil olmaqlarına icazə verilməməlidir. Bu, sülhməramlıların məsuliyyətidir və məsuliyyətlərini dərindən dərk etməli, Azərbaycan dövləti qarşısında götürdükləri öhdəlikləri düzgün yerinə yetirməyə çalışmalıdırlar. Əks halda, Azərbaycan tərəfi bitərəfli qaydada sülhməralıların öz missiyasını dərk etmədiyini və ya bilərəkdən öz vəzifələrini yerinə yetirmədiklərini bəyan edərək sülhməramlıların Azərbaycan ərazisini tərk etməsini tələb edə bilər. Bu Azərbaycan dövlətinin müstəsna hüququdur. Heç bir beynəlxalq qanunlar və konvensiyalar tərəfindən məhdudlaşdırıla bilməz.
Lakin hesab edirəm ki, münasibətlər o həddə gəlib çatmayacaq. Çünki Rusiya siyasi hakimiyyəti və lideri regionda və bölgədə sülhün əldə olunmasında, iqtisadi münasibətlərin bərpasında maraqlıdır.
Fikrimcə, bu təxribatların arxasında Ermənistan və Ermənistanın qərb havadarları və Rusiyanın müəyyən dairələri dayanır. 10 noyabr və 11 yanvar bəyanatlarında Rusiya prezidentinin imzasına hörmət etməli olan sülhməramlılar fəaliyyətlərində bu amili nəzərə almalıdırlar. Hesab edirəm ki, bu proseslərin gərginləşməsində Rusiya siyasi komandası maraqlı deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə