Aleksey Fenenko: Moskva Paşinyanı heç bir halda dəstəkləməyəcək – MÜSAHİBƏ

- Bu gün Ermənistan-Azərbaycan sərhədində kəskinləşmələr tək bir səbəbdən baş verir. Seçkiləri qazandıqdan sonra Paşinyan münaqişənin onun üçün həll olunmadığını erməni cəmiyyətinə nümayiş etdirməlidir. Ermənistan cəmiyyətinə qisas almaq ümidi olduğunu göstərmək istəyir və bu, Paşinyanın özü ilə bağlıdır. Bu gün o, Ermənistan cəmiyyətinə elə bir mesaj verir ki, 2-ci Qarabağ müharibəsində erməni mövqelərinin təslim olması guya onun tərəfindən sadəcə incə, hiyləgər və taktiki bir hərəkət idi. Əslində, Paşinyan seçkilərdən sonra bir-birinə zidd iki müstəsna öhdəlik götürdü. Onun Rusiya və Azərbaycana verdiyi ilk öhdəlik sülhü qoruyacağıdır. İkincisi, cəmiyyətinə bunun müvəqqəti bir barışıq olduğunu söylədi. Və Qərbin köməyi ilə bu bölgələri geri ala biləcəyini göstərmək istəyir. İndi hər kəsə nəsə etdiyini göstərir və məsələnin tamamilə bağlandığını düşünmür. Bu, onun mesajıdır.

- Rusiya və Fransa bu mesaja necə reaksiya verə bilər?

- Düşünürəm ki, Rusiyadan yalnız bir cavab ola bilər. Razılaşmanı yerinə yetirmək üçün Paşinyana təzyiq göstərmək. Rusiyanın başqa reaksiyası olmayacaq. Amma Fransa ona təzyiq göstərməyəcək. Çünki NATO üzvü olaraq Fransa üçün Paşinyanın Rusiya əleyhinə çıxışları çox faydalıdır.

- Ermənistan-Azərbaycan sərhədində gərginlik səngiməsə, hadisələrin inkişafı ssenarisi necə ola bilər?

- Düşünürəm ki, yaxın gələcəkdə Ermənistan artıq hər sadə səbəbdən atəş açmağa davam etməyəcək və gərginlik yaratmayacaq - Paşinyan yaxşı başa düşür ki, yeni hərbi münaqişə başlasa, bu, mütləq Ermənistanın xeyrinə bitməyəcək. Mövcud hərbi potensial və qüvvələr balansı ilə bir münaqişənin baş verməsinin mənası yoxdur. Çünki bu, Ermənistan üçün açıq və zəmanətli bir məğlubiyyət və Qarabağdakı mövqelərinin qalıqlarının da itirilməsi olacaq.

- Niyə Paşinyan Azərbaycan üçün artıq bağlı olan Qarabağın statusu məsələsini yenə də gündəmə gətirir?

- Bir şey etdiyini göstərmək üçün. Beləliklə, deyir: məni sülhün qarantı seçdiniz, buna görə də bir növ sülh prosesinə başlamağa hazıram. Ancaq hər şeyi sonsuz bürokratik dolaşıqlıqda boğmağa çalışacaq. Əlbəttə ki, bununla 9 Noyabr 2020 -ci ildə bağlanmış müqaviləni yenidən formatlaşdırmağa çalışacağını düşünürük. Ancaq sual yaranır- nəyi yenidən formatlaşdırmaq lazımdır? Onda Qarabağın son parçası var. Prosesi uzadarsa, onu da itirmək riski böyükdür. Bilmirəm, mövcud konvensiyanı necə yenidən format etmək olar?

- Vəziyyəti dondurmağa çalışaraq ...

- Əlbəttə ki, statusu dondurmağa çalışacaq. Və hətta bu prosesi bir neçə illik müzakirələrə qədər uzada bilər. Və bütün bunları etməyə çalışacaq. Ancaq sual budur ki, mövcud vəziyyət ona bunu etməyə nə dərəcədə imkan verəcək. Çünki bu gün Moskva anti-Rusiya mövqeyindən açıq danışan Paşinyanı dəstəkləmək bir yana, baş verəcək yeni qarşıdurmaya qətiyyən müdaxilə etməyəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə