"Fransa ilə münasibətlər normallaşa bilməz" AÇIQLAMA

"Fransa prezidenti Emmanuel Makronun ermənipərəst mövqeli olması artıq reallıqdır". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu bildirib ki, iki il əvvəl Ermənistana gələrək mənasız bir frankafoniya konfransında iştirak etməsi təsadüfi deyildi: "Lakin Azərbaycana gəlmədi. Bu addım balansın pozulması idi. Fransa sözdə də olsa ATƏT-in Minsk qrupunun həmsədri idi. Belə olan halda gərək ki, tərəflərlə eyni məsafədə dayansın. Baxmayaraq ki, keçmiş prezidentlərində ermənilərə rəğbəti var idi. Lakin keçmiş prezidentlər İrəvana səfərə getdikdən sonra Bakıya da səfər edirdilər. Misal olaraq Sarkozi və Oland Bakıya da gəlmişdilər. Amma Makron birmənalı ermənipərəst mövqedən çıxış edir. Bu mövqe müharibə günlərində də özünü daha qabarıq şəkildə biruzə verdi. Makronun Ermənistanda səfərdə olması heç bir şeyi dəyişməyəcək. Fransanın Cənubi Qafqazda baş verən proseslərə təsir etmək imkanı yoxdur. Biz Fransanı qəbul etmirik. Biz qəbul etmiriksə, Fransa hansı təşəbbüslərin reallaşmasını təmin edə bilər. Cənubi Qafqazının əsas açar dövləti Azərbaycandır. Ona görə də Makronun Ermənistana səfəri Azərbaycan üçün heç nə ifadə etmir. Heç Ermənistana güclü dəstəyi də yoxdur. Fransanın Ermənistana nə iqtisadi dəstəyi, nə də hərbi dəstəyi var. Sözdə Ermənilərin yaninda dayanırlar. Bu cür mövqelərinə görə Azərbaycanla olan münasibətlərə kölgə salırlar. Aydındır ki, artıq Makron hakimiyyətdə olduğu dönəmdə Fransa ilə münasibətlərimizi normallaşdıra bilməyəcəyik. Makronu özünün də reytinqi çox aşağıdır. Biz növbəti prezidentin seçilməyini gözdəməliyik. Yeni prezident Makron kimi siyasət davam etdirsə, demək münasibətlər yenə də normallaşmayacaq. Fransa mövqeyini dəyişsə bu ölkə ilə normal münasibətlərə qayıda bilərik. İndiki proseslər bunu yaratmağa imkan vermir. Çünki Makron Ermənistanda səfərdə olacaq. Azərbaycana bu şəraitdə gəlsə də bizim Makrona suallarımız olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə