Ermənistan yenə müharibə istəyirsə... ANALİTİK

Ermənistan yenə müharibə istəyirsə... ANALİTİK

Günah bizdən getdi!

Növbədənkənar parlament seçkilərində qələbə qazanan Ermənistanın hakim rəhbərliyi Azərbaycanla uzunmüddətli sülhün əldə olunması üçün öz mövqeyini açıqlayıb. Lakin görünən budur ki, açıqlanan mövqedə hər hansı sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri ümumiyyətlə görünmür. SİA-nın məlumatına görə, “Mənim addımım” fraksiyasını təmsil etməklə yanaşı, parlamentin xarici əlaqələr komissiyasına rəhbərlik edən Ruben Rubinyanın sözlərindən belə nəticə hasil etmək olar ki, Ermənistan Bakının “Dağlıq Qarabağın statusunu” tanımayacağına qədər sülh müqaviləsini imzalamayacaq, eləcə də “münaqişəni həll olunmamış” hesab edəcək (?!)

Beləliklə, Ermənistanın hakim partiyasının təmsilçisi açıq-aydın olaraq bəyan edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlə paralel olaraq sülh müqaviləsini imzalamaq fikrində deyil və s. Artıq belə də qənaətə gəlmək mümkündür ki, İrəvan Bakının təşəbbüsü ilə irəli sürdüyü bütün sülh çağırışlarını rədd edir.

Prezident İlham Əliyev xəbərdarlıq edib ki, sülh müqaviləsinin imzalanmaması, sülhün olmaması deməkdir

Misal üçün, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Avropa İttifaqının nümayəndə heyəti ilə yanaşı, Rumıniya, Avstriya və Litvanın XİN rəhbərləri ilə görüşü zamanı regionun postmünaqişə situasiyasında əsas fundamental yanaşmaların işlənilərək hazırlanması vacibliyi barədə irəli sürdüyü bəyanatlarına qarşı erməni tərəfinin sərgilədiyi tamamilə zidd hərəkətləri artıq digər vasitələr üzərində növbəti planların yaranması ehtiyacını ortaya qoyur. Daha dəqiq desək, İlham Əliyev xəbərdarlıq edib ki, sülh müqaviləsinin imzalanmaması, sülhün olmaması deməkdir və bu, nəinki iki ölkəyə, həmçinin bütün Cənubi Qafqaza aiddir.

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) iclasındakı çıxışı zamanı vurğulamışdı ki, Bakı sülh müqaviləsinin imzalanması, ölkələrin ərazi bütövlüyü və suverenliyini tanıması, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsi istiqamətində təşəbbüslərlə çıxış edir.

Ermənilər xəritədən silinməyi gözə alıblar?

Ancaq gördüyümüz kimi, Bakının təşəbbüsləri qarşı tərəfin yersiz inadkarlığı ilə müşahidə olunmaqdadır. Ermənistanın lideri Nikol Paşinyana xüsusi yaxınlığı ilə seçilən Rubinyanın bəyanatı isə açığını desək, məhv olmaq astanasında dayanan bir ölkənin bu dəfə tamamilə xəritədən silinməsi (!) təhlükəsizini gözə aldığını nümayiş etdirir.

Yəni Ermənistan “iki ayağını bir başmağa dirəməklə” hələ də müharibəyə meyilli olduğunu göstərir. Çünki Rubinyan yalnız həmin istiqamətdə erməni hökumətinin fikirlərini bəyan etməyib, o, eyni zamanda, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxdıqlarını da açıq-aydın söyləyib. Yaxşı, bəs bu cür tərzləri daha necə adlandırmaq olar?

44 günlük müharibədən də betər sarsıdıcı məğlubiyyət “deserti” ilə!

Rubinyanın Paşinyandan aldığı tapşırıq əsasında çıxış etməsini bəri başdan düşünmək mümkündür. Xüsusilə postmünaqişə dövründəki bənzər davranışlar bilavasitə sabotajçılıq kimi də qiymətləndirilə bilər, özü də yalnız Azərbaycana qarşı deyil, həm də Rusiyaya qarşı. Çünki üçtərəfli bəyanatda Moskvanın da imzası, möhürü mövcuddur. Lakin nəzərə alsaq ki, Cənubi Qafqaz regionunun yalnız sülh təminatı deyil, həm də iqtisadi yüksəlişi faktoru da mövcuddur və bu faktordan regionun bir çox ölkələri də istifadə edə bilər – bu zaman hesab etmək olar ki, İrəvan hətta ağır, böhranlı halında belə qarşı tərəflərə “əlcək atmaq” dərəcəsində həyasızlıq nümayiş etdirməkdədir.

Əgər Ermənistan münaqişəni başa çatmamış kimi görürsə, demək, bu ölkə müharibə istəyir. Belədirsə, onda burada çətin heç nə yoxdur, istəyirsə əlbəttə ki, onu alacaq, özü də 44 günlük müharibədən də betər sarsıdıcı məğlubiyyəti “deserti” ilə!

Levon Ter-Petrosyan: “Bu gün hansısa təklifləri rədd ediriksə, sabah nəyi isə geri istəmək üçün yalvarmalı olacağıq”

Hələ 1997-ci ildə - Azərbaycanın işğal altındakı ərazilərini boşaltmaq haqqında ümumiyyətlə düşünmədikləri vaxtlarda sinələrinə döyən ermənilərə ən yaxşı cavabı o zamankı liderləri Levon Ter-Petrosyan vermişdi. O, erməni xalqına xəbərdarlıq edərək demişdi. SİTAT: “Biz bu gün hansısa təklifləri rədd ediriksə, sabah nəyi isə geri istəmək üçün yalvarmalı olacağıq, ancaq onda da çox gec olacaq, heç nəyi geri ala bilməyəcəyik, çünki bizim tariximizdə dəfələrlə belə hallar yaşanıb”.

Bəli, 44 günlük müharibə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğraması ilə nəticəsini tapdı. İndi isə Rubinyanın bəyanatını təhlil edərkən bir daha şahidi oluruq ki, Ermənistan lazım olan yerə ayağını basmır. Onlar sülhdən imtina etmələri ilə yanaşı, təhlükəsizlik zəmanətini, təcriddən çıxmağı, iqtisadi inkişafı rədd edirlər, özü də Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla, hansısa cəhənnəmə getmiş “status” iddialarını irəli sürməklə və s.

Siyasi sadomazoxizm

Məğlub olan, uduzan tərəfin əlavə olaraq şərtlər irəli sürməsi isə reallıqla, tarixi həqiqətlə üst-üstə düşməyən olaydır. Buna siyasi sadomazoxizm də deyilir.

Onda mexaniki olaraq belə bir sual da yaranır: Yaxşı, bəs münaqişənin davam edəcəyi halda Ermənistanı əsasən nə gözləyir? Yalnız bir şey – İrəvan gələcəkdə Bakının hazırda təklif etdiklərini belə almayacaq. Beləliklə, istər Paşinyan, istərsə də onun ətrafı yalnız ikinci dəfə onlara göstərilmiş xalq etimadını itirməyəcəklər, onlar bütün Ermənistanı itirməli olacaqlar. Axı gələcək də sülhdən və Azərbaycanla əməkdaşlıqdan asılıdır. Əgər bunu da anlamırlarsa, onda necə deyərlər, günah bizdən getdi!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə