“Rusiya Qarabağda sülhün təminatçısı rolunu oynamağa çalışır” - MÜSAHİBƏ

“Rusiya Qarabağda sülhün təminatçısı rolunu oynamağa çalışır” - MÜSAHİBƏ

Milli Məclisin deputatı Eldəniz Səlimovun SİA-ya müsahibəsini təqdim edirik:

- Eldəniz müəllim, Prezident İlham Əliyev artıq Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini bildirib. Ermənistanda isə hələ də revanşist qüvvələr var. Sizcə, yenidən o revanşist qüvvələrin məhv edilməsi üçün anti-terror əməliyyatları aparıla bilərmi?

- İlk Qarabağ müharibəsindən günümüzə qədər olan 30 illik bir tarixdə Azərbaycan tərəfi bütün diplomatik yollardan istifadə edərək münaqişənin sülh yolu ilə həll olunması üçün bütün mümkün addımları atdı. Cənab Prezident İlham Əliyevin başçılığı ilə Qarabağ məsələsi bütün dünyaya çatdırıldı. Ermənistan tərəfi isə bütün diplomatik həllərin üstündən xətt çəkməyə davam edirdi. Dünya siyasi arenasında daima bu münaqişənin sülh yolu ilə həllinin tək yol olduğu bildirilsə də Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh yolu ilə alınmasa müharibə yolunun mümkünlüyünü vurğulayırdı. Və belə də oldu. 44 günlük hərbi əməliyyatların sonunda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bütün dünyaya bu münaqişənin istənilən zaman hərb yolu ilə həllinin olduğu göstərildi. Müharibə artıq bitib və Ermənistan bununla barışıb. Bundan sonra yaşanacaq bütün problemləri də Azərbaycan diplomatik yolla qaydaya salınmasının tərəfdarıdır. Əgər Ermənistanda olan revanşist qüvvələr yenidən müharibə çağırışı edib, işğaldan azad olunmuş ərazilərdə təxribat törədərlərsə dəmir yumruq yenidən işə düşəcək.

- Ermənistanda seçkilər başa çatdı və Paşinyan qalib gəldi. Demək olarmı Azərbaycan Ermənistana öz silahlı qüvvələrini Qarabağdan tamamilə çıxartmaq və sərhədləri müəyyənləşdirmək, sülh müqaviləsi imzalamaq üçün verdiyi vaxt da bitib?

- Ermənistanda hakimiyyətdə hansı qüvvələrin və ya kimin olmasından asılı olmayaraq nəinki Azərbaycanla ümumi regionda sülhün və əmin-amanlığın təmin olunmasında maraqlı olmalıdırlar. Çünki Qafqazda sülhün təminatının əsas yolu Qarabağdan-Azərbaycandan keçir. Bu seçkilərdən öncə Koçaryan kimi revanşist qüvvələri deyil Paşinyanı seçən erməni xalqı artıq həqiqətləri görməyə başlayır deyə bilərik. Təbii ki, artıq yaxın bir zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasının vaxtı çatdığı görünür. Çünki bu problemin kökündən həll edilməsi üçün bu müqavilə mütləqdir. Həmçinin, bütün Qarabağ ərazisindən erməni hərbi birləşmələrinin çıxarılması labüddür.

- Məlumatlara görə, Ermənistanda ordu ləğv edilir və qarşılığında hərbi polis yaradılacaq. Ordunun ləğv edilməsini 44 günlük məğlubiyyətin acı nəticəsi kimi qiymətləndirmək olar?

- Təbii ki, 44 günlük müharibə əslində kimin güclü olduğunu tam şəkildə göstərmiş oldu. Bu müharibənin Ermənistana və onun ordusuna vurduğu zərərin nəticəsinə isə qonşularımız qatlaşmalı olacaqlar. Onsuz da Ermənistan ordusunda olan hərc-mərclik, baş alıb gedən korrupsiya faktları bizə çoxdan bəlli idi. İçərisindən çökməkdə olan Ermənistan ordusu Vətən müharibəsində uğradığı məğlubiyyətdən sonra artıq tamamən çökmüş durumdadır. Ermənistanda ordunun ləğv edilib əvəzində hərbi polisin yaradılması xəbəri əslində o qədər də təəccübləndirəcək bir xəbər deyil. Çünki artıq erməni xalqı, erməni anaları öz övladlarını özlərinin olmayan bir torpaq uğrunda ölümə göndərmək istəmirlər.

- Ermənistan Azərbaycan dövlət sərhədlərini artıq Rusiya sərhədçiləri qoruyacaq. Bu baxımdan demək olarmı ki, ümumiyyətlə, Ermənistan öz suverenliyini və müstəqilliyini də tamamilə itirmiş olur?

- Rusiya Zəfər müharibəsinin sonunda Qarabağda sülhün təminatçısı rolunu oynamağa çalışır. Bu səbəbdən də razılaşmaya əsasən Qarabağda bəlli bir zaman çərçivəsində rus sülhməramlıları yerləşdirildi. Rusiyanın bu diplomatik səyləri region üçün təqdirəlayiqdir. Sərhəd məsələsinə gəlincə isə, bizdə belə bir deyim var “Vətən sərhəddən başlayır”. Təbii ki, hər bir ölkənin sərhədini öz vətəndaşlarından ibarət bir ordunun qoruması onun üçün qürur məsələsidir. Qürurun başqa bir dövlətin əsgəri tərəfindən ələ alınması, idarə olunması normalda müstəqilliyə təhdiddir. Yuxarıda da qeyd etdiyimiz kimi Ermənistan müharibənin acı nəticələrindən dərs almağa məcburdur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə