44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycan ordusunun qalibiyyəti beynəlxalq aləmin diqqət mərkəzində oldu və bununla bağlı dünya mətbuatında silsilə məqalələr dərc edildi, televiziyalarda reportajlar yayımlandı. Bu müharibəyə demək olar ki, bütün dövlətlər diqqət kəsilmişdi. Müharibənin qaynar nöqtələrinə ezam olunan dünyanın aparıcı media qrumlarının nümayəndələri bununla bağlı reportajların hazırlanmasına, mətbuatda məqalələrin yer almasına çox maraqlı idilər. Əlbəttə ki, hər bir iştirakçı və ya müharibənin gedişatını izləyən kəs Azərbaycan ordusunun gücünü, mütəşəkkilliyini diqqətdən qaçırmırdı.
Ölkəmizin dinamik inkişafı, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi ölkəmizin nüfuz və mövqeyini yüksəldib. Artıq Azərbaycan ordusu 90-cı illərin ordusu deyil. Nizami və güclü Azərbaycan ordusu var. Müasir silahlarla təchiz olunmuş ordumuz var və 44 günlük döyüş meydanında öz sözünü deyən bir ordunun gücü hamını heyrətləndirdi.
Hər zaman ölkəmizdə baş verən ictimai-siyasi, mədəni hadisələri işıqlandıran dünya mətbuatında bu dəfə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki çıxışı yer alıb. Belə ki, Misirin nüfuzlu "Əl Masr Əl Yom" nəşrində dövlət başçısının nitqindən bəzi məqamlar dərc edilib. Məqalədə Cənab İlham Əliyevin çıxışına istinadən edilərək, müharibədən sonra artıq müvafiq göstərişlərin verildiyi, yeni kontraktlar imzalandığı, yeni silahların, müasir texnologiyaların əsasında texnikanın alınması prosesinin başlandığı diqqətə çəkilib. "Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir",- deyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı əlavə edib ki, orduda struktur islahatları da təsdiq edilib və hərbçilərin say tərkibi artırılacaq.
Qalib Azərbaycan xalqı ilk dəfə Silahlı Qüvvələr Gününü bu cür tarixi nailiyyət şəraitində qeyd etdi. Cənab Prezident nitqində "Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında Mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir."
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə keçirdiyi görüş geniş işıqlandırılıb. Anadolu Agentliyi, "Haber Global", "TRT Haber" telekanalları, "Yeni Şafak", "Türkiye" qəzetləri və digər media qurumları Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı rəşadətli Qələbədən sonra regionda yaranmış yeni siyasi vəziyyəti, Azərbaycanın bölgədə sülh və sabitlik yaratmaq istiqamətində sərgilədiyi dəyişməz mövqeyini çoxsaylı oxucuların diqqətinə çatdırıblar.Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB