"Bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb" - DEPUTAT ŞƏRH ETDİ

"Bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb" - DEPUTAT ŞƏRH ETDİ

"Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə tarixi bir çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, Ərdoğan Milli Məclisdəki çıxışı ilə regionda gedən bir çox proseslərə bir daha özünün və qardaş Türkiyənin aydın mövqeyini ortaya qoydu: “Bir çox ölkələrə mesajlar verdi, çağırışlar etdi. Əlbəttə, mesajlar çox idi, ən böyük mesajı isə bu oldu ki, Azərbaycan qalib ölkədir və Türkiyə daim onun yanındadır, yanında da olacaq, bunu hər kəs bilsin və hər kəs də buna görə yerini və hərəkətini müəyyən etsin. “Bu Zəfərlə Qafqazda qanayan bir yara qapanmışdır” – deyən hörmətli Ərdoğan əslində revanşist xəyallarla özünü və erməni xalqını aldadanlara da ciddi mesaj vermiş oldu və bildirdi ki, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranıb.

Qafqazdakı bu sülh və sabitlikdən təkcə Azərbaycan yox, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Davamlı sülhə gedən yol isə bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirəcəkləri əməkdaşlıqdan keçir. Bununla yanaşı Vətən müharibəsində Türkiyənin həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almasının təsadüf olmadığını, bunun tarixi təcrübəyə söykəndiyini bildirdi. Necə ki, Balkan müharibəsi zamanı Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşüb, necə ki, azərbaycanlılar türk qardaşları ilə çiyin-çiyinə Çanaqqalada işğalçılara qarşı vuruşub, necə ki, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycanın yardımına gəlib, bu gün də Türkiyə ilə Azərbaycan bir yerdədir və gələcəkdə bu, belə olacaq".

Deputat həmçinin qeyd edib ki, Ərdoğan Milli Məclisdəki çıxışında Azərbaycanla Türkiyənin təklif etdiyi altılıq platformasını bir daha xatırlatdı, bu platforma çərçivəsində Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanın birgə əməkdaşlığının bölgəyə sabitlik gətirəcəyinə və bundan həmin ölkələrin hər birinin bəhrələnəcəyinə əmin olduğunu bildirib: “Bu məsələdə Zəngəzur dəhlizinin əhəmiyyətindən bəhs etdi. Zəngəzur dəhlizinin açılışının Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcı olduğunu qeyd etdi, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilərin rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklərini və bununla da özləri də özlərini saldıqları blokadadan xilas edə biləcəklərini vurğuladı. Hörmətli Ərdoğanın Milli Məclisdəki tarixi çıxışını bütün detalları ilə yanaşı, Azərbaycan-Türkiyə münasibətlərinin manifesti, yol xəritəsi də adlandırmaq olar və bu çıxış hələ uzun illər bu münasibətləri yürüdəcək siyasətçilərin stolüstü sənədi olaraq qalacaq”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə