"Ermənistan tərəfinin etdiyi hərəkətlər ancaq vandallıqdan keçir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Son vaxtlar həm Azərbaycan-Ermənistan sərhəddində, həm Dağlıq Qarabağ və onun ətraf ərazilərində Ermənistan və Azərbaycan qoşunları arasında baş verən insident əslində planlaşdırılmış, məqsədli şəkildə təxribat xarakterli olduğu açıq aydın görünür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, burada təbii ki, təkcə Ermənistanın özünün olması inandırıcı deyil: “Burada həm daxili, həm də xarici faktorlar var. Daxili faktor kimi ölkə daxilində, hakimiyyətdaxili, hakimiyyət və müxalifət arasında baş verən hadisələri göstərmək olar. Məlumdur ki, bu gün seçkiyə Robert Köçəryan müxalifət nümayəndəsi kimi, həm də Rusiyanın əsas adamı kimi gedir. Eyni zamanda Nikol Paşinyan hakimiyyəti təmsil edən şəxs kimi, eyni zamanda Qərbin əsas dəstək verdiyi şəxs kimi gedir. Burada bir növ Ermənistan daxilində çəkişmə var".

Politoloq həmçinin qeyd edib ki, kənar qüvvələrin təsiri ilə daxildəki qüvvələr hərəkətə keçərək Azərbaycan və Ermənistan arasında məqsədli şəkildə provakasiyaları artırırlar, prosesləri daha da sürətləndirirlər və vəziyyəti daha da çıxılmaz hala gətirmək istəyirlər: "Rusiya yaxşı bilir ki, Azərbaycan və Ermənistan arasında qalıcı sülh həll olunarsa, tərəflər arasında münasibətlər normallaşarsa, bu Rusiyanın Cənubi Qafqazdan çıxmağı deməkdir. Bunu Rusiya çox yaxşı başa düşür ona görə də bütün gücü ilə çalışır ki, istədiyi variantda münasibətləri yaxınlaşdırsın və ya gərginləşdirsin. Bu günə qədər də Zəngəzur dəhlizinin açılmaması məhz bundan qaynaqlanır. Artıq sərhəddə deyil, eyni zamanda Ermənistan ərazisində belə provakasiyalı suallar, səs yazıları müxtəlif səpkili hərəkətlər baş verir. Bir sözlə Ermənistan tərəfinin etdiyi hərəkətlər ancaq vandallıqdan keçir. Çünki onlar Azərbaycanın hansı ərazisinə keçiblərsə oranı dağıdıblar, etnik və dini abidələri sıradan çıxardıblar. Bunlar hamısı onu göstərir ki, həm Ermənistanın özündə də maraq var. Eyni zamanda atəşkəsin pozulmasında Ermənistana kənardan ilham verilir".

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə