Prezidentin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutu -TƏHLİL

Prezident İlham Əliyev: “Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, istədiyinə nail oldu”

Son günlər ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı gündən-günə azalır, aparılan peyvəndləmə prosesi xeyli sürətlənib. Bu isə, bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.

Bu, hər ölkənin bacara biləcəyi məsələ deyil

Bəli, bu, hər ölkənin bacara biləcəyi məsələ deyil. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Hər zaman olduğu kimi, bu çətin günlərdə də dövlət öz vətəndaşının yanındadır. Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, epidemiyanın fəsadlarından əziyyət çəkən sahibkarlar da unudulmadı, dövlətin onlara öz maliyyə dəstəyini göstərməsi bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir, bu sevginin, qayğının, mərhəmətin bariz təcəssümüdür. Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri və eləcə də bundan sonra nəzərdə tutulan genişmiqyaslı proqramlar Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahının fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilməsi, yeni laboratoriyalar formaslaşdırılması, qısa zamanda modul tipli xəstəxanaların qurulması dövlətin hər zaman öz vətəndaşının yanında olmasının təcəssümüdür. Nəticədə sağalanların sayı yoluxanların sayını üstələdi və biz müsbət dinamika əldə etdik.

Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir. Eyni zamanda dövlətin həkimlərə, səhiyyə işçilərinə xüsusi diqqəti də bu sahəyə marağı artırıb. Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub. Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib.

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməkdədəir. Həmçinin, Prezident İlham Əliyevin adından və bilavasitə nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət də xüsusi qeyd edilməlidir. Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir.

Pandemiya zamanı iş yerlərinin qorunması, koronovirusdan zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə Azərbaycan hökuməti sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək baxımından mühüm addımlar atır. Eyni zamanda, pandemiyaya qarşı qoruyucu vasitələrin azlığı bir çox ölkədə ciddi problemlər yaratdığı halda, Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi.

Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib.

Peyvənd olunub, salamat yaşayın

Məlum olduğu kimi, cari ilin yanvar ayının 18-dən ölkəmizdə vaksinasiya başladı. İnsanlar könüllü şəkildə qeydiyyatdan keçərək, vaksinasiya olundular. İnsanların sağlamlığı naminə dövlətimiz hər zaman zəruri və təxirəsalınmaz addımlar atıb. Bu vaksinasiya da dövlət vəsaiti hesabına və könüllülük prinsipinə əsaslanır. Və koronavirusla vidalaşmağın ən optimal yolu – vaksinasiyadır. Mütəxəssislərin fikrincə, dünyada pandemiyaların bitməsinin üç yolu var: ya virus özü-özünü öldürəcək qədər mutasiyaya uğramalı, ya kollektiv immunitet formalaşmalı, ya da ən effektiv yol hesab olunan vaksinasiya tətbiq olunmalıdır.

Prezident İlham Əliyev: "Hal-hazırda pandemiya ilə mübarizə aparmağın əsas yolu əhalinin vaksinasiya olunmasıdır"

Bu gün bütün xalqımız adından böyük qürur hissi ilə bəyan etmək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır.

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyası 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə keçirilən sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışında bildirmişdir ki, hal-hazırda pandemiya ilə mübarizə aparmağın əsas yolu əhalinin vaksinasiya olunmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı diqqətə çatdırıb ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir.

Təyyar Eyvazov: "Azərbaycanda COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır"

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, hazırda ölkədə koronavirusla əlaqədar sanitar-epidemioloji vəziyyət yaxşıdır: «Bunu aparılan yoluxma saylarında görürük. Dünyanın müxtəlif ölkələrində yoluxma statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sayının 100 civarında olması, bəzən isə ikirəqəmli ədədlərə düşməsi ondan xəbər verir ki, proses nəzarət altındadır. Bunu nəzərə alan Nazirlər Kabineti yanında Operativ Qərargah iki həftə əvvəl bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar verdi. Proses belə davam etsə, digər məhdudiyyətlərin də yumşaldilması tətbiq olunacaq və yaxın vaxtlarda normal həyata qayıda biləcəyik.

Ölkəmizdə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Bu məsələdə iki tərəf var. Birincisi, dövlət tərəfindən həyata keçirilən tədbirlərdir və hazırkı dövrdə vaksinin əldə olunması uğrunda böyük mübarizə gedir. Qürurverici haldır ki, Azərbaycan Avropa ölkələri ilə təxminən eyni vaxtda bu vaksini əldə edib və prosesə başlayıb. Vaksinin əldə edilməsi ilə bərabər onun daşınması, saxlanılması, vaksinasiya məntəqələrinin təşkil olunması, burada çalışan tibbi personala təlim keçirilməsi üçün hər cür şərait yaradılıb. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə əhalinin bir deyil, bir neçə vaksini əldə etməsinə imkan yaradılıb. Belə bir seçim imkanının yaradılması da uğurlardan biridir. Prosesin ikinci tərəfi isə əhalinin bu prosedura münasibətidir. Vaksinasiyanın sürətini araşdırsaq görərik ki, yanvardan bəri əhalinin vaksinasiyaya cəlb olunması eyni sürətlə getməyib. Mayın ortalarında başlayaraq prosesin sürəti bir qədər də artıb. Bir gün ərzində ən çox vaksin olunanların sayı 62 minin üzərində olub. Hazırda gündəlik vaksinasiyadan keçənlərin sayı 30-40 min arasında dəyişir. Lakin arzu edərdik ki, bu proses bir qədər də sürətlənsin. Qarşıya qoyduğumuz hədəflərə ən qısa müddət ərzində çatmağımızı düşünürük. Bunun üçün maarifləndirmə işləri aparmaq və əhalinin könüllülük əsasında peyvəndləməyə cəlb olunmasını təmin etmək lazımdır".

Baş infeksionist qeyd edib ki, heç bir vaksin 100 faizlik səmərə vermir. Anticisimlərin yoxlanılması da immunitetin səviyyəsini bir o qədər dəqiq xarakterizə etmir: "Elə insanlar var ki, onlarda iki dozadan sonra ümumiyyətlə anticisimlər əmələ gəlmir. Onlara üçüncü dozanın vurulması məsələsi indi müzakirə edilir və araşdırılır. Peyvənd olunmaqla ilk növbədə ağırlaşma və ölüm hallarının qarşısı alınır, digər tərəfdən də bu, hər kəsin immun sistemindən asılıdır. Əhali arasında immun sistemi güclü və zəif olanlar var. Xüsusilə yaşlılarda immun sistemi müəyyən qədər zəifləyib. Xroniki xəstəliklərdən əziyyət çəkənlərdə immunitetin əmələ gəlməsi bir qədər ləngiyir. Onlar mütləq şəkildə peyvənd vurdurmalıdırlar. Lakin peyvənd ediləndən sonra onlarda alınan nəticələr sağlam insanlardan fərqli ola bilər".

T.Eyvazov onu da bildirib ki, indiyədək Azərbaycanda əhalinin 10 faizi peyvəndin hər iki dozasını alıb. 1,7 milyon vətəndaş isə yalnız birinci dozanı vurdurub. Ümumilikdə 100 min əhaliyə düşən peyvənd sayı 26 təşkil edir: "Hazırda ölkəmizdə bir sıra qadağaların aradan qaldırılıb. Hələlik tibbi maskalardan qapalı məkanlarda istifadə edilməsi qalır. Yəqin ki, gələn ildən başlayaraq pandemiyanın gedişində əsaslı dönüş olacaq və infeksiya ayrı-ayrı bölgələrdə lokal şəkildə cərəyanetmə halına düşəcək. Bunun üçün hamı çalışmalıdır. Qaydalara əməl olunmalı, peyvəndləmədə aktiv iştirak olmalıdır".

Bəli, Azərbaycan dövləti hər zaman bütün sahələrdə öz sözünü deyir. Çünki Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – "Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə