Qafqazın incisi Şuşa 270 illiyini qeyd edəcək

"Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə təşkil olunan "Xarıbülbül" musiqi festivalının açılışında çıxış edərkən bildirib. Qədim mədəniyyət beşiyi olan Şuşanın daş yaddaşı tarixin keçməkeşli yollarının hər bir ilini silinməz səhifəsinə yazmışdır. Nə qədər hücumlara məruz qalsa da, öz məğrurluğunu qoruyub saxlamışdır.

Bəli, qədim tarixi olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad da adlandırıblar. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib, dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırıblar. Bəzi mənbələrdə isə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. XIX əsrdə Şuşa ölçüsü və sərvətinə görə, Bakı və İrəvandan öndə gedən, Qafqazın ən iri şəhərlərindən biri idi. Çoxlu karvan yollarının kəsişdiyi bu yerdə on karvansara olub. Şuşa öz ipəyi, döşənmiş küçələri, iri daş evləri, parlaq naxışlı xalıları və cins atları ilə bura gələn hər kəsin diqqətini cəlb edib.

ŞUŞA QARABAĞIN MƏRKƏZİ STATUSUNDAN MƏHRUM EDİLİB

Keşməkeşli tarixi olan Şuşa 1918-20-ci illərdə ermənilər tərəfindən dəfələrlə hücuma məruz qalıb, şuşalıların qəhrəmanlıqla müdafiəsi nəticəsində və böyük itkilər hesabına şəhər ermənilərin əlinə keçməyib. 1920-1937-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs etdirilib, güllələnib və təqiblərə məruz qalıbdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnib. Sovet hakimiyyəti dövründə Şuşa 170 ildən artıq yerinə yetirdiyi missiyadan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilib. Bu Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri idi. 1963-cü il yanvarın 4-də isə Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatılıb. Tarixi mənbələrə istinadən, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib. Tarixin salnamələrinə nəzər saldıqca onun nə qədər hücum və təqiblərə məruz qalmasının şahidi oluruq.

Ötən əsrin 70-ci illərindən Şuşanın həyatında yeni bir inkişaf dövrü başlayır. Ulu Öndər Heydər Əliyev tərəfindən şəhərin inkişafına xüsusi diqqət yetirilib. 1977-ci ildə Azərbaycan hökuməti iki tarixi qərar qəbul edib. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılıb, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılıb. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib. 1992-ci ildə Şuşa şəhərinin erməni işğalçıları tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.

"BUNDAN SONRA BİZ ŞUŞADA ƏBƏDİ YAŞAYACAĞIQ VƏ ŞUŞANIN BƏRPA EDİLMƏSİ ARTIQ BAŞLANMIŞDIR"

8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. İndi Şuşa yeni dövrünü yaşayır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir. Artıq Yuxarı Gövhərağa məscidi təmir edilib". Bildiyimiz kimi, 1989-cü ildə Cıdır düzündə bitən “Xarıbülbül” çiçəyinin rəmzi adı ilə bağlı I-ci "Xarıbülbül" Beynəlxalq musiqi festivalı keçirilib. Bu gün Şuşa dağları həsrətlə yaşadığı, acıdığı musiqimizə, sənət dünyamıza qovuşdu. Toy-büsatlı Şuşamızda yenidən "Xarıbülbül" Beynəlxalq musiqi festivalı keçirildi. Artıq hər kəs rahatlığa qovuşub. Üzeyirin, Nətəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "İsa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə