“Gürcüstan hakimiyyət dairələri bu məsələyə həssas yanaşmalıdırlar” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Gürcüstanda həmvətənlərimizə qarşı zorakılığın törədilməsi təəssüf doğurur və yolverilməzdir. Azərbaycan xalqı hər zaman tolerantlığı, multikulturalizmi dəstəkləyən bir xalqdır. Azərbaycanda müxtəlif xalqların nümayəndələri dinc yanaşı yaşayırlar, inkişaf edirlər və başqa ölkələrdə də azərbaycanlılar yaşadıqları ölkələrdə müxtəlif xalqlarla dinc şəraitdə mövcud olmağı bacarırlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Gürcüstanda baş verənlər siyasi çalarlarına varmaq üçün ilkin əsaslar mövcud deyil: “Məsələ haqqında ilkin təəssürat ondan ibarətdir ki, bu məişət mübarizəsi zəminində baş vermiş bir hadisədir. Yəni orda azərbaycanlıya məxsus mağazadan alış-veriş edib gürcünün ödəniş etmək istəməməsindən yaranan bir münaqişədir. Təbii ki, belə halların qarşısı vaxtında, operativ şəkildə alınmasa, bu xalqlar arasındakı münasibətlər üçün yaxşı heç nə vəd etməz. Gürcüstan hakimiyyət dairələri bu məsələyə həssas yanaşmalıdırlar və Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunmasına diqqət etməlidirlər”.

E.Mirbəşiroğlu bildirdi ki, belə hadisələr tez-tez baş verərsə, bu, gələcəkdə geniş miqyas və fərqli xarakter ala bilər: “Gürcüstanın daxili işlər orqanları məsələyə operativ reaksiya nümayiş etdiriblər. Hazırda orada hüquq-mühafizə orqanları iş aparmaqdadırlar. İlkin reaksiya bundan sonrakı vəziyyətin normallaşması haqqında ümidlər yaradır. Sadəcə olaraq, belə halların qarşısının alınması haqqından da düşünmək lazımdır. Bir daha vurğulamaq istəyirəm ki, bu məişət zəminində yaranan bir münaqişədir. Lakin bildiyiniz kimi, etno milli zəminində münaqişələrin yaradılmasında maraqlı olan güclərdə var. Elə götürək erməniləri, onlar həmişə yırtıcı təcavüzkar olublar. Onlar azərbaycanlılarla gürcülər arasında baş vermiş bu son hadisədən özləri üçün mənfəətli məqamı götürməyə cəhd edə bilərlər. Yəni azərbaycanlıların münaqişəyə meylli olmaları obrazını yaratmağa çalışa bilərlər və bu istiqamətdə ilkin bir cəhdləri də biz görməkdəyik. Ona görə də, düşünürəm ki, bu bütövlükdə Gürcüstanın özünün təhlükəsizlik məsələsi kimi qəbul olunmalıdır ki, Gürcüstanda yaşayan xalqlar arasında hər hansı bir etnik, dini, məişət zəminində insidentlər, ziddiyyətlər, qarşıdurmalar baş verməsin. Baş verə biləcək xırda məişət qarşıdurmaları gələcəkdə hansısa dairələrin əlində bir alətə çevrilə bilər. Bunun qarşısı operativ olaraq alınmalıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə