Dağlıq Qarabağ reallığı: ABŞ-ın yeni administrasiyası və Rusiyanın mövqeyi üst-üstə düşəcəkmi? ANALİTİK

İqor Korotçenko: “ABŞ-ın yeni rəhbərliyi regionda Rusiya və Azərbaycan maraqları əleyhinə yönəlmiş siyasət yürüdəcək”

Demokrat Baydenin ABŞ prezidentliyinə seçilməsinin ardınca inaqurasiya mərasimindən sonra artıq onun tərəfindən formalaşdırılmış administrasiya nümayəndələri tərəfindən Cənubi Qafqaz regionu ilə bağlı tələsik bəyanatlar səslənməyə başladı və bu bəyanatlar çətin ki, adıçəkilən regionda sülhün və çiçəklənmənin istənilməsinin göstəricisi olsun. Həmçinin, bu cür bəyanatlar artıq ATƏT-in Minsk qrupunun üzvü kimi heç də tərəfsiz olmayan Vaşinqtonun Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində bir sıra “kartları” indidən açmış olur.

Qeyd etmək yerinə düşərdi ki, Co Bayden özünün 1995-2007-ci illərdəki siyasi karyerası dövründə ABŞ konqresinin erməni məsələləri qrupunda təmsil olunub, eləcə də anti-Azərbaycan məqsədli 907-ci düzəlişə, o cümlədən, Ermənistana və qondarma “DQR”ə maliyyə yardımlarının ayrılması qərarına səs verib.

Və indi də Bayden administrasiyasında ABŞ-ın dövlət katibi postuna namizəd olan Entoni Blinken bəyan edib ki, onların administrasiyası Dağlıq Qarabağda baş vermiş hərbi əməliyyatlardan sonra təhlükəsizlik sferasında Azərbaycana yardım mövqelərinə yenidən baxacaq. O cümlədən, istisna etməyib ki, ABŞ azadlığa dəstək aktı əsasında 907-ci düzəlişi tətbiq edə və bununla Azərbaycanla hərbi əməkdaşlığa son qoya bilər. Bu haqda Balinken erməni maraqlarına xidmət edən lobbist və senatın beynəlxalq məsələlər komitəsinin sədri Robert Menendensin sualını cavablandırarkən deyib.

“Vəzifəyə təyin olunacağım halda mən Ermənistanın və bütün regionun təhlükəsizlik sferasının tələblərinə dəstək göstərəcək miqyası müəyyən etmək üçün konqreslə işləyəcəyəm”, Blinken vəd verib.

O bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün ABŞ-ın iştirakına yeni impuls verəcək və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün yeni müharibənin baş verməsinin qarşısını almağa yardım edəcək.

Onun sözlərinə görə, bu səylər üçüncü tərəflərin müdaxiləsinin qarşısını almaq məqsədi ilə, əsasən, özündə diplomatik işləri daxil edəcək.

“Rusiyanın, İranın, Türkiyənin çoxtərəfli əməkdaşlıq platforması ABŞ-ın heç də yaxşı münasibət saxlamadığı bu ölkələrə qarşı fəaliyyətini artıracaq”

“SƏS” qəzeti xəbər verir ki, moscow-baku.ru-ya müsahibə verən rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun sözlərinə görə, bütün bu kimi bəyanatların arxasında dayanan əsas faktor ABŞ-da fəaliyyət göstərən erməni lobbisi ilə əlaqəlidir. Politoloq Moskvanın Cənubi Qafqazda sülhün bərpası istiqamətində ortaqlıq nümayiş etdirilməsi amili ətrafında fikirlərini önə sürüb və bildirib ki, Rusiyanın, İranın, Türkiyənin çoxtərəfli əməkdaşlıq platforması ABŞ-ın heç də yaxşı münasibət saxlamadığı bu ölkələrə qarşı fəaliyyətini artıracaq.

“Biz anlamalıyıq ki, ABŞ-dakı erməni lobbisi kifayət qədər təsir etmək gücünə malikdir, Baydenin onlarla indi də, əvvəllər də münasibətləri olub”, deyən Korotçenko istisna etməyib ki, ABŞ-ın yeni rəhbərliyi regionda Rusiya və Azərbaycan maraqları əleyhinə yönəlmiş siyasət yürüdəcək. SİTAT: “Özünü “DQR” adlandıran həmin qanunsuz rejimə dəstək məqsədi ilə cəhdlər göstəriləcək ki, bu da regionda tam sabitliyin əldə edilməsinə imkan verməyəcək, bu tamamilə aydın görünür. ABŞ-ın milli maraqları baxımından Cənubi Qafqazda sülhün əldə edilməsi sərf etmir. Yalnız ona görə yox ki, Rusiya cənub sərhədlərində özünü sakit hiss edəcək, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən sonra və ölkələrin güclü iqtisadi yüksəlişi və birgə fəaliyyəti Amerika Birəşmiş Ştatlarının maraqları ilə üst-üstə düşmür. Unutmamalıyıq ki, postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi Ermənistanda yerləşir, bu diplomatik mühafizə altında olan bir neçə min diplomat və kəşfiyyat əməkdaşı deməkdir. Onlar orada heç də regiondakı situasiyanın yaxşılaşdırılması, Ermənistanın sabitlik və sakitlik hökm sürən demokratik ölkə olması üçün, onun inkişafı ilə məşğul olmurlar.

Təbii ki, Baydenin gəlişi ilə amerikansayağı mexanizm bütünlüklə regionun destabilləşməsi yönündə Rusiya ilə kəsişəcək. Bayden Ukraynanı kurasiya edərkən biz bu ölkənin anti-Rusiya taranına necə getdiyini xatırlayırıq. Aydındır ki, ABŞ-ın postsovet məkanındakı siyasəti əvvəlki kimi qalacaq – Rusiyaya düşmən olan rejimlər, hakimiyyətlər xəttini yaratmaq, harada tələb olunarsa, həmin yerdə vəziyyəti destabilləşdirmək. Ona görə də ABŞ-da yeni administrasiyanın gəlişi ilə regionda başç vercəcək hadisələr Azərbaycan tərəfindən kifayət qədər səliqəli və həddindən artıq diqqətli qaydada izlənilməli, proqnozlaşdırılmalıdır”.

“Hər şeyə əl atılacaq ki, Ermənistandakı anti-Rusiya, revanşist güclər Dağlıq Qrabağ üzrə əldə edilmiş üçtərəfli bəyanata yenidən baxsınlar”

İqor Korotçenko hesab edir ki, Vaşinqtonun bütün bu cəhdləri, məhz Ermənistan üzərindən hərəkətə keçirilə və regionda anti-Rusiya baxışlarını artıra bilər. O cümlədən, Qarabağdakı müharibə vaxtı Rusyanın Ermənistana kömək etməməsi üzərindən təsirlər, düşüncələr baş qaldırıla bilər. Hər şeyə əl atılacaq ki, Ermənistandakı anti-Rusiya, revanşist güclər Dağlıq Qrabağ üzrə əldə edilmiş üçtərəfli bəyanata yenidən baxsınlar. ABŞ üçün Qarabağda sülh lazım deyil. Onlara Rusiyanın liderliyinə ehtiyacları yoxdur”.

Rusiyalı politoloq bildirib ki, Paşinyanın Ermənistan hakimiyyətində qalmasının Rusiya üçün sərfedici olub-olması barədə böyük hesabla nə isə deyə bilməz, ancaq hakimiyyətə qisasçı güclərin gəlməsi, Ermənistanda amerikalılara məxsus QHT-lərin güclənməsi Moskvaya sərf etmir. “Bu, yumşaq desək bizim milli maraqlarımıza cavab vermir. İnanıram ki, bu, heç Ermənistanın özünə də sərf etmir. Bu, ABŞ-a sərf edir. Ona görə də destabilləşdirmə siyasəti, situasiyanın yırğalandırılması Birləşmiş Ştatların Cənubi Qafqazda baş verənlərə təsir elementi olaraq qalmaqda davam edəcək”, rusiyalı siyasətçi hesab edir.

“Azərbaycan yetərincə nəhəng, müstəqil oyunçudur, Avropa İttifaqına enerji resurslarını çatdıran və eyni zamanda, nüfuzlu, hörmət edilən ölkədir”

Baydenin Azərbaycana münasibətinin necə olacağı barədə sualı da cavablandıran İqor Korotçenko bir neçə maraqlı məqamlara toxunub. Belə ki, Tramp hakimiyyəti bu kimi məsələlərdə neytral qalmağa üstünük verirdi, hətta Azərbaycanın ünvanına yüksək qiymətlər verərək, bu ölkənin Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mühüm dövlət adlandırırdı. Arada-bir isə Ermənistan lobbisi tərəfinə də reveranslar olurdu. Bütövlükdə isə Tramp Cənubi Qafqaz gündəmindən uzaq dururdu. Halbuki onun prezidentliyi dövründə Ermənistanda “məxməri inqilab” baş qaldırdı.

Bu mövzuda sualları cavablandıran Korotçenko ümid etmək istədiyini bildirib ki, Baydenin Azərbaycana yönəlik siyasəti kifayət qədər təmkinli ola bilər. Ən azından, Azərbaycan Ermənistan deyil və Azərbaycana təsir etmək alınmayacaq: “Biz bu gün Cənubi Qafqazda yeni reallıqlardayıq. Azərbaycan Qarabağ müharibəsində qalib gəlib, onun ərazi bütövlüyü bərpa olunub. O, Avropanın enerji təhlükəsizliyini təmin edən dövlətdir. Bununla yanaşı, biz artıq indi erməni lobbisinin fəallaşmasını görməyə başlamışıq ki, onlar əsasən ABŞ konqresində erməni lobbistlərinin funksiyalarını da icra edirlər. Onlar artıq bu kartı yenidən oyuna qatmağa cəhd edirlər. Erməni lobbisi Amerikada, digər ölkələrdə, həmçinin Rusiyada təsirlidir, güclü maliyyəyə məxsusdur, ona görə də o (erməni lobbisi) Azərbaycana yönəlik siyasi məsələlərdə düşmənçilik baxışlarını inkişaf etdirmək üçün Bayden administrasiyasından istifadə edəcək. Lakin istənilən halda Azərbaycan amerikalılarla münasibətlər qurmağı, kifayət qədər yüksək səviyyədə diplomatik münasibətləri realizə etməyi bacaracaq.

Azərbaycan yetərincə nəhəng, müstəqil oyunçudur, Avropa İttifaqına enerji resurslarını çatdıran və eyni zamanda, nüfuzllu, hörmət edilən ölkədir. Və burada dialoq hörmətlə qurulacaq...”

“Rusiya regionda sülhün və çiçəklənmənin təmin olunmasını əhəmiyyətli hesab edən və Qarabağ münaqişəsinin həllində çıxış edən açar oyunçudur”

Korotçenko Vaşinqtonun yeni administrasiyasının Rusiya ilə münasibətlərini necə və hansı istiqamətdə quracağını proqnozlaşdırması ilə yanaşı bir daha vurğulayıb ki, Rusiya dövlət olaraq bütün mənalarda Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətindəki cəhdlərini davam etdirir.

“Rusiya regionda sülhün və çiçəklənmənin təmin olunmasını əhəmiyyətli hesab edən və Qarabağ münaqişəsinin həllində çıxış edən açar oyunçudur. Bu gün ABŞ-ın həm dünyada həm də ölkə daxilində mövqelərini itirməsi reallığı mövcuddur – burada (ABŞ-da) xaos baş verir. Rusiya Cənubi Qafqazdakı mövqelərini itirmək məqsədində deyil. O, cənubdakı təhlükəsziliyi üçün regiondakı sülh naminə öz qonşuları ilə münasibətlərini inkişaf etdirməklə davam edəcək. Ona görə də, Rusiya Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi üçün mümkün olan hər şeyi həyata keçirəcək və heç bir təxribata imkan verməyəcək, onların qarşısını sərt şəkildə alacaq. Region ölkələrinin çoxtərəfli əməkdaşlığının genişləndirilməsi üçün regiondakı sabitliyin əldə olunmasını təmin edəcək. Və mən hesab edirəm ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlığı gücləndirmək lazımdır”.

Korotçenko müsahibəsinin sonunda daha bir maraqlı fikir irəli sürərək bildirib ki, xüsusi xidmətlər xətti ilə birgə antiterror təlimlərini keçirmək lazımdır və bu təlimlər ölkələr arasındakı münasibətlərin möhkəmləndirilməsinə, regiondakı sülhün bərqərar olmasına da öz müsbət təsirlərini göstərməkdə davam edəcək.

Rövşən RƏSULOV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə