"Paşinyan hakimiyyəti dəyişilə bilər amma..." DEPUTAT FİKRİ

“44 günlük Vətən müharibəsində düşmənə endirdiyimiz zərbə o qədər güclü olmuşdur ki, bu ölkənin özünə gəlməsi və normal həyat ritminə qayıtması üçün 10 illər lazım olacaqdır. Əslində müharibədə Azərbaycana məğlub olan Paşinyanın yox, Köçəryan və Sarkisyanın ordusu olub. Çünki, Ermənistanda Paşinyanın hakimiyətinin göz açıb erməni cəmiyyətini köçəryanlar və sarkisyanlardan azad etmək imkanı da olmayıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Köçəryan və Sarkisyan Azərbaycan ərazilərində necə qanlı faciələr, vandallıq və dağıdıcılıqla məşğul olubsa, öz erməni əhalisinə qarşı da talançılıq və cinayətkarlıq edib: “O cümlədən, erməni ordusunun tuşunkasından başlanmış silahına qədər oğurluq edərək öz sərvətlərini artırıb. Ona görə də Vətən müharibəsində ermənilərin məğlubiyyətinin əsas səbəbkarları Köçəryan, Sarkisyan və Paşinyan üçlüyü olub. Köçəryan və Sarkisyan öz tərəfdarlarını yığaraq ordusunun müharibədəki uğursuzluğunu Paşinyanın üzərinə atmaqla yenidən hakimiyyətə qayıtmaq niyyətindədir. Paşinyan isə hakimiyyətin zorla dəyişdirilməsinə cəhd maddəsi ilə Köçəryana yenidən məhkəmə quraraq onu zərərsizləşdirmək istəyir. Həm də müxalifət müharibədə minlərlə gəncin itirilməsindən yaranmış ruh düşkünlüyündən istifadə edərək Paşinyan rejimini devirmək, ölkədə yeni parlament seçkilərin keçirilməsinə nail olmağına çalışır”.

Deputat əlavə edib ki, ümumilikdə, Ermənistanda ölkəni məhvə doğru aparan siyasi etirazlar dalğası dərinləşməkdədir: “Hesab edirəm ki, bu etirazçılar dalğası Ermənistanı xaosa sürükləyəcək və yenidən parlament seçkilərinin keçirilməsini aktuallaşdıracaqdır. Onu qeyd edə bilərəm ki, Paşinyan hakimiyyəti dəyişilə bilər, amma Ermənistandakı anarxiya və özbaşınalıq davam edəcəkdir. Ermənistanın ölkədə sabitliyə nail olunmasının yeganə yolu tez bir zamanda Azərbaycanla səmimi qonşuluq münasibətlərin qurulmasından gedir. Əgər erməni hakimiyyəti tez bir zamanda buna nail olarsa, ölkəsində siyasi sabitlik və gələcəyinə ümidlər yaranar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə