İlqar İlyasov: “Həmin dövrdə heç kimin köməyi olmayanda laçınlılar özləri torpaqlarını şərəflə qoruyurdular” - (Səs TV)

İlqar İlyasov: “Həmin dövrdə heç kimin köməyi olmayanda laçınlılar özləri torpaqlarını şərəflə qoruyurdular” - (Səs TV)

1992-93-cü illərdə Laçın rayonu ətrafında baş verən hadisələr, rayonun işğalı, işğalı döğuran səbəblər və digər məsələlərlə bağlı həmin illərdə müdafiə naziri olmuş Rəhim Qazıyevin və Laçın rayon mədəniyyət və turizm şöbəsinin müdiri İlqar İlyasovun SƏS TV-də keçirilən debatda açıqlamaları:

- Bildiyiniz kimi bu gün Laçın rayonunun işğalının 19-cu ildönümüdür. Laçın rayonu necə və hansı şəraitdə işğal olunub?

İlqar İlyasov:

- İlk növbədə onu qeyd edim ki, mən həmin dövrdə özünümüdafiə batalyonunun döyüşçüsü olmuşam. Etiraf edək ki, Laçının işğalı 1992-ci ilin may ayından deyil, 1988-ci ildən həmin ərazilərin ətraf bölgələrində yaşayan ermənilərin havadarlarının dəstəyi ilə etdikləri mütəmadi hücumları ilə başlayıb. Həmin dövrdə Azərbaycan müstəqil dövlət olmadığından, müstəqil və vahid ordusu da yox idi. O dövrdə sadəcə vahid Sovet İttifaqı mövcud idi və onların da batalyonları həftənin bir neçə günü erməni kəndlərini, bir neçə gün isə Azərbaycan kəndlərini müdafiə edirdilər. Həmin ərazilərdə yaşayan insanlar olaraq, bütün prosesləri daha şəffaf və aydın görüb qiymətləndirirdik. Yəni, ermənilərin öz niyyətlərini həyata keçirmək cəhdləri və rus havadarlarının onlara dəstək olması nəticəsində baş verən hadisələr Laçının işğalının rəsmi surətdə başladığını göstərirdi.

- Rəhim məllim, siz o dövrün müdafiə naziri olaraq Laçın rayonunun işğalı ilə bağlı nə deyə bilərsiniz? Niyə Laçının müdafiəsi tam təşkil olunmamışdı?

Rəhim Qazıyev:

- Bu sualın cavabı ilə bağlı cinayət işi başladılıb. Böyük təəssüf hissi ilə qeyd edim ki, 20 faiz torpağı işğal altında olan ölkədə Şuşa və Laçının işğalı ilə bağlı cinayət işi ictimaiyyətin marağından çox uzaqda, Bakının mərkəzindən 80 kilometr uzaqda yerləşən Qobustan həbsxanasında aparılır. İşğal dövrünə qayıtsaq görərik ki, həmin vaxt respublika 7 aylıq müdafiə nazirliyinə malik idi. Sovet hakimiyyəti qurulan gündən Azərbaycanda Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq kimi qurumlar təsis edilsə də Müdafiə Nazirliyi olmayıb. Mən 17 mart 1992-ci ildə müdafə naziri vəzifəsinə təyin ediləndə mənim yerləşməyə kabinetim, danışmağa rabitəm, atmağa silah-sursatım və hərbi ehtiyatım yox idi. Bunları hamı yaxşı bilir. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrundə gedən mübarizələr bizim qüvvələrimizin yumruq kimi birləşib düşmənə qarşı mübarizə aparmasına mane olurdu.

- Bəzən bizi qınayırlar ki, laçınlılar müqavimət göstərə bilməyiblər. Sizcə bu fikirlər nə dərəcədə realdır?

İlqar İlyasov:

- Bu nəinki laçınlıları, eyni zamanda bütün Azərbaycan xalqını maraqlandıran sualdır. Amma mən qeyd etmək istəyirəm ki, bu gün Laçının 300-dən çox şəhidi, 5 Milli Qəhrəmanı və erməni əsirliyində qalan çoxlu sayda sakini var. Əgər, Laçın rayonu döyüşmürdüsə bu qədər insan necə həlak olub? Bu sual hər şeyin cavabını verir əslində. Digər yandan isə hakimiyyət uğrunda mübarizələr aparılan dövrdə nə rus ordusunun, nə də yerli qüvvələrin köməyi olmayanda laçınlılar torpaqlarını şərəflə qoruyurdular. Hərbi texniki bazanın zəif olduğu dövrdə əhali böyük mərdliklə vuruşurdu. Yəni belə dövrdə göstərilən cəsarətin cavabında bu cür suallarla qarşılaşmaq heç xoş deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə