"Ermənistanın hərbi-siyasi rəhbərliyinin humanitar atəşkəsi pozması, ölkəmizin bir çox rayonlarına, Gəncə şəhərini raket zərbəsinə məruz qoyub xeyli sayda insanın həlak olması, yaralanması, çox saylı mülki obyektlərin dağıdılması beynəlxalq hüquq normalarına, atəşkəsin tələblərinə tamamilə ziddir və dinc əhaliyə qarşı bir soyqırım hadisəsidir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri vurğulayıb ki, bu, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun mandatına, bir çox dövlətlərin sülhsevər çağırışlarına, bilavasitə atəşkəs əldə olunmasına daha çox təşəbbüs göstərən Rusiya Federasiyasına qarşı böyük hörmətsizlik, sayğısızlıqdır.
“Əldə olunmuş atəşkəsə bir an belə əməl etməyən Ermənistan bir daha göstərdi ki, öz təcavüzkarlıq niyyətlərini həyata keçirməkdə, Azərbaycan torpaqlarını işğal altında saxlamaqda, sülhə, danışıqlara getməməkdə israrlıdır. O, qadağan olunmuş silahlardan istifadə etməklə, mülki əhaliyə qarşı qəddarlıq göstərib onlarla insan qətlə yetirməklə tutduğu yoldan dönməyəcəyini dünyaya göstərdi.
Belə olan halda Azərbaycan ordusu öz zəfər yürüşünü davam etdirməli, düşmənə layiq olduğu cavabı verməlidir. Çünki erməni təcavüzkarlarının xisləti, niyyəti bizə yaxşı məlumdur. Onlar dəfələrdə çətin gündə ağlamış, sızlamış, yalvarmış, başqa ölkələrin ayaqlarına düşmüş və nəticədə də atəşkəsə nail olmuş, ancaq bir balaca qüvvə toplayan kimi yenidən çirkin əməllərini davam etdirmişdir. Bu oyun da əvvəlki oyunların təkrarıdır.
Azərbaycan Prezidenti, Ali Baş Komandanımız beynəlxalq hüquq normalarını, ATƏT-in Minsk qrupunun həmsədrlərinin xahişlərini, ilk növbədə Rusiyanın təşəbbüsünü nəzərə alıb, atəşin bir neçə günlüyə dayandırılmasına razılıq verdi. Bu, düzgün addım olsa da, Ermənistan rəhbərləri onlara verilmiş şansı doğrultmadılar və yenidən xəyanət yolunu tutdular. Alçaqlıq, qəddarlıq etdilər, dinc insanlarımızı qətlə yetirdilər.
Əlbəttə, günahsız qanlar yerdə qalmayacaq. Ordumuz öz sözünü deyəcək. Ancaq münaqişənin həllinə cavabdeh olan, atəşkəsə təşəbbüs göstərən ölkələr, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti də öz sözünün deməli, haqq səsimizə cavab verməlidirlər”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB