Radikal müxalifətin Qarabağ “sevgisi”

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının şanlı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılması siyasi baxışlarından asılı olmayaraq hər bir Azərbaycanlını çox sevindirdi. Ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsi və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi ordumuzun mühüm qələbəsidir.

Ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.

Bu günlərdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı xalqla hökumətin həmrəyliyi və Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayaraq, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktını insanlığa qarşı edilən cinayət kimi qiymətləndirmiş, dövlət başçısının fikrini dəstəkləyərək status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirmişlər.

Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.

Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk günündə bu partiyalar ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Bununla da öz iç üzlərini, mahiyyətlərini yenidən nümayiş etdirdilər.

Dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmayan bu partiyaların mövqeyi hamıda böyük bir təəssüf doğurur.

Metin Hüseynov, siyasi ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...