"Hərbi təlimlər belə təəssürat yaradırdı ki,..." ÖZƏL-MÖVQE

“Türkiyə Azərbaycanla keçirilən genişmiqyaslı hərbi təlimlərlə işğalçı Ermənistana, Rusiyaya və ümumilikdə beynəlxalq aləmə qısa bir mesaj göndərdi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, yəni aşkar nümayiş etdirildi ki, artıq Türkiyə Cənubi Qafqazda da mövcuddur: “Qardaş ölkə 15-20 il əvvəlin Türkiyəsi deyil. Bu, həm də onun nümayişi idi ki, türklər regionda baş verən proseslərə, Azərbaycan torpaqlarının işğalda saxlanılmasına seyrçi qalmayacaqlar”.

Rəsmi Ankaranın bölgənin əsas oyunçularından birinə çevrildiyini deyən Elxan Şahinoğlu Türkiyənin cümhuriyyət tarixində ilk dəfə olaraq üç ölkədə hərbi əməliyyatlar keçirdiyini xatırladıb. Bildirib ki, türklər Suriya, Liviya və İraqda öz təhlükəsizlik və milli maraqlarını qoruyublar: “Belə həssas dönəmlərdə Azərbaycan ordusu ilə keçirilən genişmiqyaslı birgə hərbi təlimlər birbaşa onun işarəsi oldu ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu arxa plana keçirməsinlər. Təsadüfi deyil ki, işğalçı dövlət olan Ermənistan bu dəfə sərhədimizdə təxribata əl atanda Türkiyə cümhurbaşkanı, Xarici İşlər və Müdafiə nazirləri də açıq şəkildə dedilər ki, Azərbaycanın hansı qərarı verməsindən asılı olmayaraq onların yanında olacağıq. Hətta rəsmi Bakı hərbi yolla torpaqlarını qaytarmaq istəsə, Türkiyə bu məsələdə də ölkəmizin yanında olub, aşkar dəstəyini göstərəcək. Bu isə beynəlxalq aləm və işğalçı Ermənistanın indiki rəhbərliyi üçün çox ciddi bir mesaj idi. Rusiya da bu amillə hesablaşmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, Rusiya Prezidenti Türkiyə cümhurbaşkanı ilə son telefon danışığında Türkiyənin Cənubi Qafqazdakı rolunu etiraf etdi. Bu isə çox önəmli məqamdır”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan ordusu və ümumilikdə ölkəmizin son təlimlərdən qazandığı təcrübələrin əhəmiyyəti böyükdür. Bu cür böyük hərbi təlimlər, birgə keçirilən hərbi tədbirlər indiki məqamda bizim üçün çox önəmlidir: “Əlbəttə, əvvəllər də Türkiyə ilə birgə hərbi təlimlər keçirilib. Amma bu qədər ajiotaj doğurmurdu. Ajiotaj iki səbəbdən yaranmışdı. Birincisi, yuxarıda da qeyd etdiyim kimi Türkiyənin bölgədə artan rolu amili var ki, bu da hərbi təlimlərin çəkisini artırdı. İkinci səbəb isə, sərhəd döyüşlərindən sonra Azərbaycan cəmiyyətində belə bir əhval-ruhiyyə yarandı ki, artıq danışıqlar fayda vermir. Sanki məsələni birdəfəlik həll etməyin əsl vaxtıdır fikri formalaşdı. Türkiyə ilə keçirilən genişmiqyaslı hərbi təlimlər belə təəssürat yaradırdı ki, gələcəkdə iki dost və qardaş ölkə problemi birgə, qısa zamanda həll edəcək. Çünki Türkiyədən bu yöndə çox ciddi və aşkar mesajlar göründü”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə