“Xalqın sosial rifahı Prezidentin prioritet siyasətidir” Məşhur Məmmədov

“Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də əhalinin sosial rifah amilidir. Məhz ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Elə 2020-ci ilin büdcəsi çox peşəkarlıqla, reallıqlar, ölkəmizdə və dünyamızda yaşananlar nəzərə alınmaqla, mükəmməl şəkildə hazırlanıb və dinamik, sıçrayışlı inkişaf yolunda inamla, qətiyyətlə addımlayan Azərbaycanın, Azərbaycan xalqı və dövlətinin maraqlarına, istəklərinə tam cavab verir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov “SƏS” qəzetinə açıqlamasında bildirib.

Millət vəkili Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə çıxışı zamanı Azərbaycanda iqtisadi və sosial məsələlərlə bağlı bildirdi ki, bu məsələlər öz həllini tapır: “Azərbaycanda iqtisadi və sosial məsələlər öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb”.

M.Məmmədov dövlət başçısının çıxışı zamanı görülən işlərin böyük olduğunu deyərək vurğulayıb ki, məhz 5 milyona yaxın insanın geniş sosial paketlə əhatə olunması reallığın göstəricisidir: “Dövlət başçısı çıxışı zamanı bildirdi: "Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.

M.Məmmədov onu da bildirdi ki, məhz dövlət tərəfindən göstərilən dəstəyin nəticəsində yüz minlərlə insan əmək haqqı alır, bu məqsədlər üçün isə böyük maliyyə resursları xərclənir: “Ölkə Prezidenti vidofarmatda keçirilən müşavirədə də bu məsələ barədə geniş məlumat verərək bildirdi: “Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir. 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”.

Millət vəkili onu da vurğuladı ki, əgər xatırlayırsınızsa, ilkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdı: “Ancaq dövlət başçısı ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırdı. Göründüyü kimi, mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir”.

“Bu real amildir. Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzə olsa da, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olmaqdadır”,- deyən millət vəkili bildirdi ki, dövlət başçısı bütün çıxışlarında dəfələrlə dönə-dönə vurğulayıb ki, birinci məsələ insanların həyatı, onların sağlamlığıdır. Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı da bu məsələyə bir daha toxunaraq bildirib ki, birinci məsələ insanların həyatı, onların sağlamlığıdır: “Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik”.

“Məhz dövlət başçısının operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstələnənlərin sayının azalması müşahidə olunur”- deyən M.Məmmədov onu da bildirib ki, bütün bu uğurlu işlər, məhz ölkə başçısının öz vətəndaşlarına daima qayğı və diqqətinin real göstəricisidir: “Bir sözlə, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Bəli, budur xalqa qayğı, budur hər bir vətəndaşın Prezidenti olmaq. Çünki hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri də vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsidir. Çünki Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Və Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq və dövlət başçımızın dediyi kimi – “Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...