Düşmənin qorxusu və etirafı... ANALİTİK

"Aravot"un redaktoru: "Paşinyan özünün sülh çağırışları, lift danışıqları və Rusiyayla pozulmuş münasibətləri ilə bizi müharibənin astanasında qoydu"

Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti ölkə KİV-lərində müxtəlif aspektlərdə şərh olunmaqdadır. Düzdür, ermənilər məhz erməniçilik baxışından çıxışlar edərək, yerə vurulmuş kürəklərinin etirafını etmək istəməsələr də, sətiraltı ifadələrdə məğlub olduqlarını da gizlədə bilmirlər. Eyni zamanda, müxalifətin iqtidarı, iqtidarın isə müxalifəti hədəfə alması erməni xalqının, hətta bu məsələdə də bir yerdə olmadığını açıq-aydın hiss etdirir. Həmçinin, son günlər sosial şəbəkələrin erməni seqmentərində çoxsaylı canlı və texniki itkilər barədə məlumatların yayılması, cəbhə bölgələrindən zabit və əsgər heyətlərinin qaçmaları, fərarilik etmələri kimi məsələlər də artıq işğalçı ölkənin hansı vəziyyətdə olmasından kifayət qədər xəbər verməkdədir.

İronik münasibət: "Aprel müharibəsi zamanı hər şey pis idi, hər şey oğurlanmış və talan edilmişdi, biz məğlub olduq, lakin indi mələkciyəzlər gəliblər, iki ilə hər şey düzəldi və hər şey yerbəyerdir".

"Tavuşda baş verən olaylar hər zamankı kimi iki düşərgədə diametral olaraq təzadlı şərhlərə gətirib-çıxarıb". SİA xəbər verir ki, bu barədə Ermənistanın "Aravot" nəşrinin redaktor sütununda dərc edilən "Tavuş dərsləri" başlıqlı məqalədə yazılıb. O, ironik münasibət sərgiləyib və yazıb. SİTAT: "İqtidar düşərgəsi: "Aprel müharibəsi zamanı hər şey pis idi, hər şey oğurlanmış və talan edilmişdi, biz məğlub olduq, lakin indi mələkciyəzlər gəliblər, iki ilə hər şey düzəldi və hər şey yerbəyerdir".

Müxalifət düşərgəsi: "Paşinyan özünün sülh çağırışları, lift danışıqları və Rusiyayla pozulmuş münasibətləri ilə bizi müharibə astanasında qoydu".

Nəşrin redaktoru xatırladır ki, o Aprel müharibəsi barədə çox yazıb və eyni zamanda həmin vaxtlar danışılan miflər barədə də fikirlərini vərəqə köçürüb.

"Əgər bizim hərbçilər bu gün deyirlərsə ki, onlar üçün əvvəlki uğursuzluqlardan dərs çıxarmaq amili mövcud deyil, bu zaman onlar kifayət qədər peşəkar deyillər"

SİTAT: "Məsələ ondadır ki, hərbi əməliyyatlar zamanı bəli, bizim zəif tərəflərimiz üzə çıxdı və onlardan çoxu mövcud və əvvəlki hakimiyyətlərin boynundadır, xüsusilə müdafiə nazirləri Seyran Ohanyanın, Vigen Sarqsyanın və David Tonoyanın... Əgər bizim hərbçilər bu gün deyirlərsə ki, onlar üçün əvvəlki uğursuzluqlardan dərs çıxarmaq amili mövcud deyil, bu zaman onlar kifayət qədər peşəkar deyillər".

Erməni redaktor müxalifəti də hədəfə alaraq yazır ki, kimin nə deməyindən, hətta fövqəldövlətlərin bəyanatlarından asılı olmayaraq bilmək lazımdır ki, Azərbaycan təhlükəsi mövcuddur və əvvəlki, indiki, gələcək hakimiyyətləri ittiham etmək sadəcə təbliğat sahəsində var-gəl etməkdən başqa heç nə deyil. O, iddia edib ki, Azərbaycan əvvəl də hücum edib, bundan sonra da hücum mövqeyində olacaq və baxmayacaq ki, "erməni dövlətlərindəki" (dırnaqlar bizimdir-R.N.) hakimiyyətdə kimlər olacaq.

"Müxtəlif və istənilən diplomatik vasitələrdən istifadə edərək atəşkəs rejiminin bərpasına nail olunmalıdır"

Başqa tərəfdən, söz yox ki, "Aravot"in redaktoru düşmənçilik və erməniçilik mənfəətindən çıxış edir və onun qeyd edilən həqiqətlərlə yanaşı, ermənilərə xas yalanları da şərh etməsi təəccüb doğurmur. Məsələn, erməni redaktor iddia edərək yazır ki, Azərbaycanın lideri dəqiq şəkildə və nəyə görə bunu etdiyini açıqlayıb: "Onun ölkəsinin və Türkiyənin məqsədi "erməni dövlətçiliyini" məhv etməkdir (?!-R.N.)

Erməni redaktor yazır ki, hakimiyyət müharibə ilə yanaşı, həm də sülh yollarının axtarışında olmalıdır: "Müxtəlif və istənilən diplomatik vasitələrdən istifadə edərək atəşkəs rejiminin bərpasına nail olunmalıdır".

Belə yerdə isə, atalarımızın bir məsəli yada düşür. İtdən soruşurlar ki, niyə hürürsən? Deyir, qorxuduram. Soruşanda ki, bəs nəyə görə quyruğunu bulayırsan? Deyir, qorxuram...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə