"Ali Baş Komandan heç bir şəhidimizin qanını yerdə qoymayıb, qoymayacaq da" - MÖVQE ÖZƏL

"12 İyul tarixindən cəbhənin Tovuz istiqamətindən erməni təxribatçılarının atəşkəsi pozması nəticəsində 4 şəhidimiz vətən uğrunda canından keçmiş və 4 əsgərimiz yaralanıb. Mənfur düşmənlərimizin qəfildən hücuma keçməsi Ermənistanın yeritdiyi cılız siyasətin göstəricisidir". Bunu SİA-ya açıqlamasında YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüsal Əliyev deyib.

Onun sözlərinə görə, dünyanı cənginə alan Covid-19 virusu ilə hər bir ölkə mübarizə aparmağa çalışır, lakin bunun öhdəsindən gələ bilməyən Ermənistan kimi ölkə ancaq fikri başqa yönə çəkərək ictimaiyyəti yayındırmağa çalışır: "Pandemiya ilə mübarizədə demək olar ki heç bir nailiyyət əldə edə bilməyən erməni hökuməti xalqın narazıçılığından qorxaraq daha bir səhvə yol verdi. Cəmiyyət tərəfindən heç bir dəstək görməyən, onsuzda iqtisadiyyatı acınacaqlı vəziyyətə düşmüş ölkənin pandemiya ilə mübarizədə heç bir metodu ola bilməzdi. Bütün bunlardan nəticə çıxararaq daha da yanlış qərarlar verən Ermənistan hökuməti özü öz bataqlığında batmağa başlayıb. İstər Azərbaycan Prezidentinin görüşlər zamanı Paşinyana tutarlı cavablar verərək yerində oturtması, istər BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün qlobal səviyyədə dəstəklənməsi mənfurları həm çox narahat edir, həm də get-gedə mövqelərinin zəifləməsini sürətləndirir".

V.Əliyev qeyd edib ki, Azərbaycan xalqı hər zaman cənab prezident İlham Əliyevin qərarlarının arxasındadır və öz dəstəyini göstərməyə hazırdır: "Biz hamımız çox gözəl bilirik ki Azərbaycanın Ali Baş Komandanı heç bir şəhidimizin qanını yerdə qoymayıb, qoymayacaq da. Yaxın keçmişdə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “Aprel döyüşləri” ordumuzun qüdrətini və hazırlıq səviyyəsinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan ordusu Tovuz istiqamətində atəşkəsi pozan erməni hərbiçilərinə əvvəlki illərdə olduğu kimi yenə də layiqli cavabı verir. Mən bir Azərbaycan gənci kimi torpaq, vətən uğrunda döyüşə getməyə və Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər zaman hazıram. Sonda, Allahdan şəhidlərimizə rəhmət, ailə üzvlərinə, xalqımıza səbr diləyirəm ! Allah Azərbaycan əsgərinin yar və yardımçısı olsun!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...