"Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır" ÖZƏL-MÜNASİBƏT

"Koronavirus infeksiyasına qarşı mübarizə ölkəmiz üçün bir nömrəli məsələ olub. Bu mübarizəyə dövlət bütün resurslarını səfərbər edib, vətəndaşların sağlamlığının qorunması məsələsi önə çəkilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamları ilə son illər ölkəmizin səhiyyə infrastrukturu yenidən qurulub, bütün regionlarda müasir tələblərə cavab verən xəstəxanalar tikilib istifadəyə verilib. Əgər vaxtında səhiyyəmiz yenidən qurulmasaydı ÜST-in elan etdiyi COVİD-19-u qlobal pandemiya həyatımıza girəndə səhiyyəmiz buna düzməzdi. Qısa bir zamanda 45 xəstəxana koronavirus xəstələrin müalicəsinə cəlb olundu ki, bunların da 36-sı Prezident İlham Əliyevin sərəncamları ilə son dövürlərdə tikilib istifadəyə verilib". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkə başçısının uzaqgörən siyasəti həm ölkəmizin iqtisadi inkişafında, həm də insanların sağlamlığının qorunmasında özünü göstərir: "Məsələn, cənab Prezident 10 yeni modul xəstəxanasının tikintisinə tapşırıq verəndə hamı fikirləşirdi ki, bu xəstəxanalar niyə tikilir və ya buna ehtiyac yoxdur. Çünki o vaxtı Azərbaycanda virusa yoluxanların sayı çox cüzi idi və insanlar da bunu ciddi qəbul etmirdi. Amma son bir ayın dinamikası onu göstərdi ki, modul xəstəxanaların tikintisi ilə bağlı verilmiş tapşırıq vaxtında verilmiş və günün vacib məsələsi oldu. Bu gün gündəlik koronavirus infeksiyasına yoluxanların sayı 500-ün üstündə olması, bu xəstəlikdən dünyasını dəyişənlərin olması hamını narahat etməyə başlayıb. Artıq 5 modul xəstəxana istifadəyə verilib, 6 iyulda FHN tərəfindən inşa olunmuş 800 yerlik yeni bir modul xəstəxanasının açılışı olub, 1-1,5 ay ərzində 1300 çarpayılıq daha bir yeni modul xəstəxana istifadəyə veriləcək. Ümumiyyətlə qısa bir zamanda bütün regionları əhatə olunmaqla 20 yeni modul xəstəxanasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da səhiyyəmizə koronavirus infeksiyasının yoluxma dinamikasını nəzarətdə saxlamığımıza imkan verəcək. Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır. Biz əhalisi bizim qədər olan inkişaf etmiş ölkələrində bu infeksiyasının yoluxma dinamikasına nəzər yetirsək görürük ki, belə ölkələrdə yoluxmaların sayı 60-70 mini ötüb, ölənlərin sayı isə on minləri ötüb. Bizdə bu göstəricilərin müqayisədə çox aşağı olması səhiyyəmizin uğuru hesab edirəm.

Pandemiyaya qarşı mübarizədə dövlətin gördükləri tədbirləri ilə yanaşı vətəndaşların da yaxından iştirakı vacib məsələdir. Vətəndaşın iştirakı deyiləndə hər bir vətəndaşın özünün sağlamlığının qorunması, yəni tibbi maskanın taxılması, sosial məsafənin saxlanılması və şəxsi gigiyenasının gözlənilməsi kimi başa düşülür. Belə baxanda bu o qədər çox da əmək tələb olunmayan məsələdir. Amma bir çox vətəndaşlarımız bu məsəyə məsuliyyətsiz yanaşması ölkədə koronavirus infeksiyasının yayılması sürətini artırdı. Dövlətimiz gündəlik əhalinin maarifləndirilməsi tədbirlərini həyata keçirir, qanunun tələbləri sərtləşdirilir. Bu gözə görünməz müharibədə də həyatlarını təhlükəyə ataraq, ailələrindən uzaq düşüb gecə-gündüz xidmətdə əziyyət çəkənlər polislərdir. Bu gün Azərbaycan polisi ölkədə asayişin qorunmasında və koronavirusla mübarizədə vətəndaşlarımızın məsuliyyətinin artırılmasında fədakarcasına çalışır.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir, aldıqları tövsüyələri rəhbər tutaraq gündəlik tədbirlər həyata keçirir. Təbii ki, ölkəmizdə qurulmuş koronavirusa qarşı mübarizə mexanizmi bu mübarizəni daha effektiv edir və tətbiq olunmuş sərt karantin tədbirləri sayəsində infeksiyanın yoluxma zəncirini qıraraq yenidən bu xəstəliyin yayılma sürətini minimuma endirə biləcəyik".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə