Elşən Musayev: “Qeydiyyatlı partiyaların qərargah məsələsinin həlli gündəmdədir”

“İyul ayının 7-də Prezident Administrasiyasının “Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyev və Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə təşkil olunmuş videokonfrans siyasi münasibətlərin koordinasiyası və inkişafı istiqamətində atılmış yeni addım kimi dəyərləndirilməlidir. Təklif və təşəbbüs hörmətli Ədalət müəllimdən gəlmişdi və eyni formatda ikinci dəfə idi ki, fikir mübadiləsi aparırdıq. Konfrans təxminən 2 saat çəkdi və çox mühüm müzakirələr aparıldı”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev son günlər haqqında geniş danışılan məlum videokonfrans haqda danışarkən bildirib.

Onun sözlərinə görə, pandemiya ilə gərgin mübarizə şəraitində də siyasi partiyalara olan diqqət səngimir, davam edir: “Bu, çox müsbət, sevindirici haldır. Həm Ədalət müəllimin, həm Sahibə xanımın özlərinə də dedim ki, uzun illərdir prosesin hazırkı yönümünü müşahidə etmirdik. Həqiqətən çox şey dəyişib, yaxşı mənada dəyişib, siyasi konfiqurasiyanın dəyişməsi, yenilənməsi prosesi gerçək əsaslar, icraatlar, addımlar üzərindən davam edir və heç şübhə etmirik ki, bu faydalı estafetin ardı da gələcək. Videokonfransda hamı üçün geniş çıxış imkanı yaradıldı. Hər kəs sözünü rahat bir formada ifadə etdi. Reqlament təyin olunmamışdı, kimsəyə danışmaq limiti qoyulmamışdı. Yəqin bu səbəbdən idi ki, konfrans 2 saata yaxın davam elədi. Şəxsən mən öncədən düşünürdüm ki, özüm üçün müəyyən elədiyim bəlli tezislər üzərindən danışım. Amma dəyərli həkarlarım elə mövzulara toxundular, konfrans o qədər əhatəli, çeşidli xarakter aldı ki, məcburən həmin ruha köklənməli oldum. Fikirlərimin əhəmiyyətli hissəsi isə mətbuat, sosial şəbəkələr və ictimai məsuliyyətlə bağlı idi. Bu barədə düşündüklərimi söylədim, razılaşdığım və razılaşmadığım məqamları dilə gətirdim, təkliflərimi verdim”.

E. Musayev onu da bildirib ki, bütün həmkarlarımın yekdil rəyi, ortaq mövqeyi bu oldu ki, dialoq qaçılmazdır və bütün siyasi qüvvələrin fikirləri daim, mütəmadi formada dinlənilməlidir, davamlı şəkildə siyasi müzakirələr aparılmalıdır: “Kim dialoqa, masa arxasındakı sivil münasibətlərə qarşıdırsa demək ki, bütün dünyanın qəbul etdiyi çərçivələrə, dəyərlərə, normativlərə, ümumilikdə isə demokratiyaya qarşıdır. Dialoqdan imtina edən yeganə Partiya sədri bildiyiniz kimi Əli Kərimli və onun 3-4 nəfərdən ibarət “Milli Şura”sıdır. Bu kiçik və uğursuz platformada, toplumda cəmlənənlər nəinki dialoqa, sivil münasibətlərə meylli deyillər, hətta həmin dialoqa müsbət reaksiya verənləri ən ağır formada təhqir eləməkdən və ya elətdirməkdən belə çəkinmirlər. Yəqin, Cəmil Həsənlinin bizlər, yəni dialoqa gedənlər haqda fikirlərini kimsə unutmayıb. Onun və onun kimilərin tərbiyəsi, siyasi düşüncəsi, əxlaqı bax budur. Belələri öz maraqlarının realizəsi üçün xarici diplomatlarla, anti-Azərbaycan təşviqçiləri və hətta erməni lobbisinin havadarları ilə belə görüşməyi özlərinə rəva bilirlər, amma yaşadıqları və fəaliyyət göstərdikləri dövlətin məmuru ilə - həm də ən yüksək vəzifələrdən birini tutan məmuru ilə görüşməyə ərinirlər, can çəkirlər, yüz bəhanə ilə həmin görüşdən yayınmağa çalışırlar. Niyə? Çünki haralardansa öhdəlik götürüblər. Çünki onların dərdi-səri, arzusu-amalı demokratiya, sivil münasibətlər deyil, qaragüruhçuluqdur, xaosdur, əyri yollardır, əxlaqsız siyasi mübarizədir”.

Partiya sədri bildirdi ki, hazırda hakimiyyət tərəfindən ortaya çox ciddi siyasi iradə qoyulub və eynən hörmətli Ədalət müəllimin söylədiyi kimi, iqtidarla müxalifət arasında indiyə qədər müşahidə edilməyən yaxınlaşma var: “Son 3 ayda 7 Siyasi Partiya qeydiyyatdan keçib. Halbuki, buna qədər ən son qeydiyyat 2011-ci ildə reallaşmışdı. “Azərbaycan” qəzetində bütün siyasi partiya mənsublarına silsilə formada geniş yazı – məqalə ilə çıxış etmək imkanı yaradılıb. Bir neçə ay bundan əvvəl “ReAL” Partiyasının sədri İlqar Məmmədovla, daha dəqiqi onun məhkumluğu ilə bağlı Ali Məhkəmə müsbət qərar verdi. Pandemiya dövründə bütün siyasi qüvvələrin qurultaylarının keçirilməsi üçün dövlət alternativlər təklif edir. Qeydiyyatlı partiyaların qərargah məsələsinin həlli gündəmdədir və sair, ilaxır. Əlqərəz, məlum gedişatın dinamikası hansı rakursdan baxsaq müsbətdir, hiss olunandır və sevindiricidir. Ona görə də prosesi təqdir edirik və dəstəkləyirik. Eyni zamanda hər birimizin ən ümdə arzularından biri də budur ki, koronavirus bəlası tezliklə bitsin və videokonfranslar canlı ünsiyyətlə əvəz olunsun”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə