Təhsil naziri Misir Mərdanovun iştirakı ilə Gəncədə konfrans keçirilib

Təhsil naziri Misir Mərdanovun iştirakı ilə Gəncədə konfrans keçirilib

Gəncə şəhərində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar və perspektivlər" mövzusunda  konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, konfransda qərb bölgəsinin bütün rayonlarının orta məktəblərinin direktorları, metodik kabinetin rəhbərləri, qabaqcıl müəllimlər, Gəncə şəhərindəki ali təhsil ocaqlarının rektorları iştirak edib.

Təhsil nazir Misir Mərdanov bildirib ki, bölgələrə səfərin məqsədi son illər prezident İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan islahatların regionlarda gedişini izləməkdir. Nazirin sözlərinə görə prezidentin göstərişinə uyğun olaraq 2013-cü ilin sonuna kimi ölkədə orta təhsil ocaqları yenidən qurulacaq. Nazir onu qane etməyən məqamlara da toxunub. O, yerlərdəki istər orta tədris müəssisələrində, istərsə də məktəbəqədər tərbiyə ocaqlarında problemlərin qaldığını ifadə edib: "Aparılan monitorinqlərin nəticələrinə görə qərb bölgəsində fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların cəlb olunmasında ciddi problemlər var.   Respublika üzrə 667 min uşaq bağçalara cəlb olunub. Bunların 103 mini qərb bölgəsinin payına düşür. Ölkənin ikinci böyük şəhərində cəmi 15,4 faiz 5 yaşadək uşaq məktəbəqədər tərbiyə müəssisələrinə gedir. Gədəbəy, Daşkəsən, Samux, Naftalan rayonlarında vəziyyət daha acınacaqlıdır".

Təhsil naziri bölgələrdəki bəzi orta məktəblərdə vəziyyətin ürəkaçan olmadığını deyib.  Onun fikrincə dağ rayonlarında uşaqlar məktəbə göndərilmir. M. Mərdanov rayon məktəblərinə pedaqoq və direktor təyini məsələsinə də toxunub və yeni sistemin tətbiq edildiyini bildirib.

"Bəzi məktəb direktorlarının məsuliyyətsizliyi nəticəsində vəziyyət o həddə çatıb ki, bu gün ölkədə şagirdlərin sayı azalıb, əvəzində müəllimlərin sayı artıb. Orta məktəblərə normadan artıq pedaqoq işə götürülüb. Aparılan islahatlar, xüsusən korrupsiyaya qarşı mübarizə bu kimi problemlərini həllinə təkan verəcək", təhsil naziri deyib.

M. Mərdanov həmçinin yaşlı pedaqoqların artıq gənc kadrlarla əvəz olunduğunu vurğulayıb: "Bu baxımdan Gəncə şəhərində bir neçə direktorun işdən çıxarılması normal haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə