İçəri Şəhərdə 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd ediləcək

İçəri Şəhərdə 18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd ediləcək

İçəri Şəhərin çoxəsrlik tarixə malik, ölkə əhəmiyyətli abidəsi olan Kiçik Karvansarada 18 aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "İçərişəhər - tarixi-mədəni irs və müasir turizm mərkəzi" mövzusunda dəyirmi masa keçiriləcəkdir. SİA-nın xəbərinə görə, tədbirdə AMEA-nın və "İçərişəhər" Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsinin əməkdaşları İçəri Şəhər və burada yerləşən abidələr barədə məruzələrlə çıxış edəcək, günün anlam və dəyərindən danışacaqlar.


Bununla yanaşı Kiçik Karvansarada İçəri Şəhərdə gedən bərpa və muzey-konservasiya işlərinə həsr olunmuş "Məhəmməd məscidi", "Sıratağlı dini-memarlıq kompleksi – Xanəgah", "Numizmatik muzey-ekspozisiyası" mövzusunda fotosərgi keçiriləcəkdir. Fotosərgidə eyni zamanda Qarabağın, Naxçıvanın, Bakı və Abşeronun abidələrinin fotoları da nümayiş etdiriləcəkdir.


"Şirvanşahlar Sarayı Kompleksi"ndə 12:00-da məktəblilərn iştirakı ilə Azərbaycanın memarlıq abidələrinə həsr edilmiş bədii kompozisiya təşkil olunacaq, Elturan Avalovun və Qəzənfər Əlizadənin qrafik və sulu boya ilə işlənmiş rəsm əsərləri sərgilənəcəkdir.


Eyni zamanda "Şirvanşahlar Sarayı Kompleksi"ndə "açıq qapı" günü elan ediləcək və arzu edən hər kəs qürur mənbəyimiz olan bu möhtəşəm abidə kompleksini ziyarət edə biləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə