"Azərbaycanın qətiyyətli mövqeyi var" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın qətiyyətli mövqeyi var" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Azərbaycanın birbaşa iştirakı öz həllini tapacaq. Prosesin içərisində olan Azərbaycan dövlətidir. Burada Azərbaycanın səyləri var və qətiyyətli mövqeyi mövcuddur. Təbii ki, regionda müxtəlif dövlətlərin maraqları ola bilər. Amma Türkiyə də bizə qardaş ölkədir və Azərbaycanın mövqeyini ən yüksək tribunalarda, platformalarda böyük əzmlə dəstəkləyir". Bunu SİA-ya politoloq Elşad Mirbəşiroğlu deyib.

"O ki qaldı Ermənistan rəhbərliyinin Türkiyənin Rusiya ilə Qarabağ məsələsində razılığa gəldiyi barədə fikirlər səsləndirməsinə və təşviş içində olmasına, hesab edirəm ki, ümumiyyətlə Ermənistanda təşvişi yaradan Türkiyə-Rusiya münasibətləri deyil. Ermənistanda təşvişi yaradan Azərbaycan Prezidentinin mövqeyidir və Prezidentimizin diplomatik uğurlarıdır, qətiyyətidir. Çünki artıq ardıcıl olaraq Münxendə sonuncu olmaqla Azərbaycan Prezidenti Ermənistanın Baş nazirinə sözün həqiqi mənasında siyasi dərs keçir. Artıq dünya ictimaiyyətinin gözü qarşısında məcbur edir ki, Paşinyan Ermənistanın işğalçı dövlət olduğunu etiraf etsin. Bu baxımdan Azərbaycanın münaqişə vəziyyətində siyasi potensialı əhəmiyyətli dərəcədə güclənməkdədir. Təbii ki, bu reallığın formalaşması üçün müəyyən zaman tələb olundu. Amma Azərbaycan dövləti, Prezidenti bu reallığı artıq formalaşdırdı.

Ermənistan işğalçı dövlətdir və beynəlxalq ictimaiyyət bunu qəbul edir. Ermənistanda da təşvişi yaradan məhz bu məsələdir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycan bundan sonra da mövcud fəaliyyətini davam etdirəcəkdir və siyasi, hərbi potensialını gücləndirəcəkdir. Təbii ki, Azərbaycan hərbisinin güclənməsi, Azərbaycan ordusunun ən müasir texnologiya, silahla təchiz olunması Ermənistanda təşviş yaradır. Çünki bu ona dəlalət edir ki, Azərbaycanın siyasi gücü də artır və Ordusu da güclənir. Bunlar bir-birini üzv şəkildə tamamlayır. Bu da o deməkdir ki, münaqişənin dinc tənzimlənməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcəkdir”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə