Ermənistan siyasi iradəsi olmayan Paşinyanın oyununda TƏHLİL

Ermənistana məxsus mətbuat səhifələri Azərbaycanın haqlı mövqeyini müdafiə edən hər kəsi, xüsusən də Brenda Şafferi hədəfə alıb. SİA-nın verdiyi məlumata görə, "Ermənistanın səsi" qəzeti yazır ki, amerikalı-israilli tədqiqatçı, Corctaun Universitetinin professoru Brenda Şafferin adının Azərbaycan mediasında hallanması ermənilərdə böyük təəccüb doğurub.

Ermənistan mediası əsassız şəkildə və ciddi cəhdlə B.Şafferi satılmaqda ittiham edir. Münhen Konfransı zamanı Ermənistanın baş nazirinin verdiyi açıqlamaya münasibət bildirdiyi zaman, Corctaun Universitetinin professorunun, "Nikol Paşinyan, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiniz ki, Dağlıq Qarabağ Ermənistandan ayrı bir qurumdur, bəs oğlunuz niyə Dağlıq Qarabağda hərbi xidmət göstərir?" sualının ermənilərdə bərk qıcıq doğurduğu açıq-aşkar hiss olunur. Bu onların mətbuat səhifələrində yayımlanan və universitet professoruna qarşı olan aqressiyalarında özünü aydın şəkildə nümayiş etdirir. Hətta erməni mətbuatı yazır ki, Ermənistan hökuməti başçısının oğlunun xidmət yeri ilə bağlı sual Corctaun Universitetinin professorunun nəyinə lazımdır və bu onu niyə maraqlandırır? Utanmadan iddia da edilir ki, guya professor Azərbaycana satılıb deyə belə bir sual verir. Təbii ki, həqiqətin ortaya çıxması üçün verilən məntiqi sual erməni cəmiyyətini, Qarabağa göz dikən işğalçı, qəsbkar toplumu yandırıb-yaxıb və aqressiyaları da bundan qaynaqlanıb.

Doğrudur, erməni mətbuatı Şafferə qarşı şər və böhtan dolu ittihamlar, uydurma faktlar sadalayır. Yalan, yaxud doğru olmasının fərqinə varmadan, hansısa məlumatı araşdırmadan Şaffer ermənilərin, erməni mətbuatının hədəfinə çevrilir ki, bu məhz erməni xislətinə müvafiq bir ədalətsizlik, haqsızlıq, eyni zamanda simasızlıqdır. Beş il bundan əvvəl Amerikanın hansısa bir nəşrində ona ünvanlanan saxtakar, faktları gizlədən ifadəsindən yapışan və tutduğunu buraxmayan kor kimi bu ifadələri özünə bayraq edən işğalçı dövlətin mediası, 2014-cü ildə hansısa nəşrdə yalan-doğru qeyd olunan yazılardansa, göz qabağında olan Münhen konfransını, orada erməni baş nazirinin əsassızlıq səbəbindən düşdüyü məğlub durumu nəzərə alsın. Nəzərə alsın ki, Paşinyana verilən sual təkcə Şafferə məxsus deyildi. Bu, ümumiyyətlə bütün dünya ictimaiyyətini maraqlandıran məqamdır və deməli, ermənilər dərk etməlidirlər ki, bu sualı sanki bütün dünya ictimaiyyəti onlara, onların baş nazirinə verib. Bu sual isə, kim tərəfindən verilməsindən asılı olmayaraq tamamilə məntiqidir və erməni siyasətinin, Dağlıq Qarabağla bağlı, onun müstəqil şəkildə danışıqlarda iştirak etməsi iddiasının kökündən yanlış və məntiqsizliyini isbat edir.

Hətta məsələyə səthi şəkildə yanaşdıqda belə Paşinyanın fikirlərinin bir-birinə zidd olduğu, absurd ifadələrə yer verdiyi özünü göstərir. Baş nazir bir tərəfdən Dağlıq Qarabağı öz müqəddəratını həll etmək iqtidarında olan ölkə və Ermənistandan ayrı bir respublika kimi təqdim edir, digər tərəfdən öz oğlunun hərbi xidməti Qarabağda etdiyini deyir. Bu isə onun yalanını və məntiqsizliyini dərhal təsdiq edir və bu zaman Şafferin verdiyi sual hər kəsdə oyanır. Bir sözlə, bu sual Şafferin sualı deyil, məntiqi sorumdur, hamının sualıdır və sadəcə bu sualı Paşinyana professor verdi.

Hansı məntiqə sığışır ki, bir dövlət, iddia etdiyi başqa bir müstəqil dövlətin sərhədlərini qoruya? Yaxud, Qarabağ müstəqil dövlət idisə, niyə Ermənistan onun uğrunda bu qədər canfəşanlıq edir? Niyə Ermənistan rəhbərliyi danışıqlarda “müstəqil” adlandırdıqları hansısa dırnaqarası respublikanı müdafiə edir?

Bir az daha dərindən araşdırdıqda görürük ki, əslində, həqiqətən də Paşinyan anlamadan elə bir yanlışlığa yol verdi ki, bunu siyasətçilər dərhal tutdular və heç də nəzərdən qaçırmadılar. Bəli, erməni baş nazir öz oğlunu Qarabağa hərbi xidmətə göndərəndə etdiyi səhvdən daha böyük səhvi Münhendə onu reklam etmək cəhdi zamanı buraxdı. Ona görə də ermənilər, erməni mediası Şafferi deyil, öz baş nazirlərini ittiham etsinlər. Edirlər də əslində.

Münhendə panel müzakirəsi zamanı Azərbaycan Prezidentinin Qarabağla bağlı səsləndirdiyi fikirlər, erməni baş nazirinin buna səssiz qalması, eləcə də əsassız fikirləri, uyğunsuz davranışları Ermənistanda geniş müzakirələrə səbəb olub. Hətta Paşinyanın Dağlıq Qarabağ barəsində, Qarabağın tarixi barədə, Ermənistanın bu qondarma respublika ilə münasibətləri barədə absird fikirləri də işğalçı ölkədə müzakirə mövzusuna çevrilib. Məsələn, Ermənistanda dərc olunan “Qraparak” qəzeti bu barədə qondarma "Qarabağ respublikası"nın "prezidentliyə" namizədi David İşxanyan ilə söhbət aparıb və Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşləri, Qarabağ münaqişəsinə dair məsələləri müzakirəsi deyilənlərin təsdiqidir. Beləki, müzakirə zamanı David İşxanyana sual verilib ki, Paşinyanın irəli sürdüyü yeni "Münhen" variantı ilə razısınızmı və Azərbaycan Prezidenti İlham Əliyevin məsələnin mərhələli şəkildə həlli təklifinə erməni baş nazirinin səssiz qalması, cavab verməməsi və sükutu razılıq əlamətidirmi? Bu sualdan D.İşxanyan yayınıb və tamamilə başqa istiqamətdə cavab verib və ancaq Dağlıq Qarabağ, barədə, onun Ermənistanla ittifaqı barədə danışıb. Belə olan halda, ona, “niyə Qarabağ Ermənistanla hərbi ittifaq bağlamır?” sualı verilib.

İşxanyan bu ittifaqın olmadığından təəssüfləndiyini gizlətməyib və bu suala cavab verdiyi zaman Münhendə baş nazir Paşinyanın düşdüyü vəziyyətdən, onun mövqeyindən heç də razı qalmadığını dolayısı ilə söyləyib.

“Əgər belə bir razılığımız olsaydı, Münhendəki müzakirələr tamamilə fərqli bir şəkildə olardı. Niyə belə bir nəticə əldə edilmədiyinə gəlincə, yəqin ki, kifayət qədər siyasi iradə yoxdur”, deyə qondarma "Qarabağ respublikası"nın prezidentliyə namizədi David İşxanyan bildirib.

Məsələ gün kimi aydındır və göz qabağındadır ki, ermənilər Qarabağın Ermənistanla hərbi ittifaq bağlanmamasından təəssüf hissi keçirirlər və Şifferdən çox elə özlərini qınayırlar. Dərk edirlər ki, onların Qarabağla bağlı yalanlarının, məntiqsizliklərinin üstü açılır və bu məsələdə yanlışlıqlara yol verdiklərindən çox narahatdırlar. Həm də ona görə narahatdırlar ki, Azərbaycan öz haqq səsini, haqlı mövqeyini bütün platformalardan səsləndirə bilir və erməni baş nazirindən fərqli olaraq Azərbaycanın haqq səsini bu mötəbər platformalarda səsləndirən, haqq və hüquqlarını tələb edən güclü siyasi iradəyə sahib Cənab İlham Əliyev kimi bir prezidenti, bir rəhbəri var. Ermənistan isə siyasi iradəsi olmayan Paşinyanın oyunundadır. Bu isə ondan xəbər verir ki, savadsızlığı, bacarıqsızlığı, uğursuzluğu ilə yanaşı heç bir siyasi iradəyə malik olmayan Paşinyan kimi rəhbəri olan və işğalçılıq siyasəti yürüdən, bu siyasəti də artıq ifşa olunan Ermənistan ən yaxın zamanda məğlubiyyətlə qarşılaşmalı və bununla barışmalı olacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə