Malıbəyli və Quşçular kəndlərinin işğalından 28 il ötür

Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 28 il ötür. Yuxarı Quşçular kəndinin tarixi 18-ci yüzillikdə əhalinin burada məskunlaşması ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç edib. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər. Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.

Malıbəyli kəndindəki əhalinin sayı 1986-cı il əhalinin siyahıya alınması göstəricilərinə görə 280 nəfər olub. Onların hamısı milliyətcə azərbaycanlıdır. 1992-ci il 11 fevral tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin axırları və XIX əsrin əvvəllərində sahibkar Malıbəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranıb. . Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması ilk günlərdən bu kəndin əhalisinin qadınlarının əsas məşğuliyyəti olub. Demək olar ki, bir çox ailələrdə toxucu dəzgah (hana və yer hanası) var idi. Onlar hazırladıqları yun, pambıq iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə və digər məmulatlar toxumağı bacarırdılar. Palıddan və vələsdən xarratlar müxtəlif məişət əşyaları hazırlayırdılar.

Qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, daraq (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, məfrəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd – təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşirdi. Əhalinin əksəriyyəti hal-hazırda Sabunçu rayonu ərazisində 2007-ci ildə salınmış Ramana-450 qəsəbəsində məskunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə