Ombudsman daxili işlər nazirinə müraciət edib

Ombudsman daxili işlər nazirinə müraciət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları məlum aksiyalar zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçiriblər.

SİA-nın xəbərinə görə, başçəkmə zamanı saxlanılan şəxslərdən bir qismi təkbətək görüşdən imtina etsələr də, saxlanma şəraiti və müəssisə əməkdaşları tərəfindən onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını bildiriblər. Bununla yanaşı, saxlanılanlardan bəziləri məhkəmə qərarlarının surətinin onlara verilməsini xahiş edib, bu məsələnin həll edilməsi Ombudsmanın nümayəndələri tərəfindən məntəqə rəhbərliyinin nəzərinə çatdırılmış və təmin edilib.

Həmin məntəqədə saxlanılanlardan Səbail Rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunmuş Cavad Rüstəmovla söhbət zamanı o, 8 mart 2011-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşı tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qaldığını və nəticədə ayağından xəsarət aldığını bildirib. C.Rüstəmovun bədəninə baxış zamanı onun sol ayağının diz və baldır nahiyələrində qançırlar müəyyən edilib.

Ombudsman Daxili İşlər nazirinə məktubla müraciət edərək, qeyd edilən halın tam və hərtərəfli yoxlanılmasını, təsdiq olunduğu təqdirdə qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə