Novruz Məmmədov: “Sülh zəmanəti bizim torpaqlarımızın yalnız tam azad olmasından sonra mümkün ola bilər” - ÖZƏL

Novruz Məmmədov: “Sülh zəmanəti bizim torpaqlarımızın yalnız tam azad olmasından sonra mümkün ola bilər” - ÖZƏL

Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun SİA-ya müsahibəsi:

- Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşünün yekunlarını necə qiymətləndirirsiz?

- Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin təşkilatçılığı və iştirakı ilə martın 5-də Soçidə görüşləri baş tutudu. Görüş əvvəlcə prezidentlərin fikir mübadiləsi, sonra isə xarici işlər nazirlərinin iştirakı ilə və daha sonra isə hər zamanki kimi geniş tərkibdə aparıldı. Ümumiyyətlə, bu görüşü son bir il yarıma yaxın müddət ərzində aparılan görüşlərdən müəyyən mənada, sanki irəliyə bir addım atmaq ehtimalının, istəyinin, niyyətinin olması ilə fərqləndirmək olar. Çünki təxminən 2009-cu ilin sonlarından bu günə qədər təşkil olunan bütün görüşlərdə Ermənistan qeyri-konstruktuv mövqe tutmuşdu. Görünür, bunun da müəyyən səbəbləri var. Ermənistan rəhbərləri yəqin özlərinin bu günə qədərki fəaliyyətsizliyini anlayıb və bununla bağlı mövqeyini təyin edib. Bu günə qədər olan mövqeyinin heç birinin onlara uğur gətirə bilməyəcəyinə əmin olublar və ona görə də artıq müəyyən mənada mövqelərini dəyişmək istəyirlər. Özlərini bir qədər, azacıq da olsa konstruktiv göstərmək istəyirlər. Bu bir səbəbdən ola bilər.

İkinci səbəb isə Rusiya ilə bağlıdır. Özünüz bilirsiniz ki, bu müddət ərzində Rusiya Federasiyası Prezidentinin bu proseslərdə çox fəal iştirakı, görüşlərin əksəriyyətinin onun tərəfindən təşkil olunması da bir faktordur. Hesab edirəm ki, bizə qonşu olan böyük bir dövlətin, eyni zamanda ATƏT-in Minsk Qrupu həmsədri olan bir dövlətin bu münaqişənin həllində yaxından iştirakı və heç bir nəticənin əldə olunmaması, əksinə mövqelərin tam neytral müxalif olması şübhəsiz ki, bir faktor kimi Rusiya Federasiyasının prezidentinin mövqeyinə, imicinə təsir edə bilər.

Bu nöqteyi-nəzərdən sanki, Həştərxan görüşünün davamı olaraq prezidentlər tərəfindən bəyanat da qəbul edildi. O bəyanatda göstərildi ki, prezidentlər bu istiqamətdə danışıqları davam etdirmək istəyirlər və orada da, mahiyyət etibarı ilə, əsasən iki bənddən ibarət təklif var. Sənəddə qeyd edildiyinə görə, liderlər 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul etdikləri üçtərəfli bəyannamənin praktiki surətdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Xüsusilə, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin mübadiləsini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, sənəddə bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və təmas xətti yaxınlığında mümkün insidentlərin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında tərəflərin iştirakı ilə araşdırılmasının aparılması səyləri qeyd edilir.

- Novruz müəllim, artıq erməni mətbuatı üçtərəfli görüşün nəticələrini rəsmi İrəvana sərf edəcək şəkildə yozur. Bu haqada fikirlərinizi bilmək istərdik?

- Artıq Ermənistanın kütləvi informasiya vasitələrində onların istədikləri kimi bu bəyanatla bağlı yozma və şərhləri müşahidə edirəm. Görünür, Ermənistan rəhbərlərinin ən böyük qayğısı yalnız sülhü özləri üçün təmin etməkdir. Azərbaycanın işğal olunmuş ərazilərini digər yollarla azad etmək niyyəti, məqsədi onları həddindən artıq təlaşa salır. Ona görə də Ermənistan kütləvi informasiya vasitələrində yer alan xəbərlərlə bağlı demək istərdim ki, heç vaxt belə deyil, belə də olmayıb. Sülhlə bağlı heç bir zəmanət yoxdur.

Sülh zəmanəti bizim torpaqlarımızın yalnız tam azad olmasından sonra mümkün ola bilər. Mən buna əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qəti mövqeyi məhz belədir.

- İranın son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında apardıqları danışıqlara münasibətiniz necədir?

- Əgər İran Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz mövqeyini bildirmək istəyirsə, biz buna ekvivalent olaraq öz münasibətimizi bildirəcəyik. Nə cür mövqe bildirəcəksə, bizdə ona qarşı elə mövqe bildirəcəyik. Amma bizdə olan məlumat bundan ibarətdir ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bu da normal bir prosesdir. Əslində ikitərəfli münasibətlərimizin keçmişi, bu günü və gələcəyini nəzərə alsaq, bu olmalıdır. Sadəcə olaraq istərdik ki, həmin bu bəyanatın arxasında həm də proseslərlə, atılan addımlarla münasibətlərin özü, xarakteri ilə bağlı daha yaxşı fundamental əsas qoyulusun.

Bütün xəbərlər Facebook səhifəmizdə