“Paşinyan hakimiyyətə gəldiyi andan həm Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etmək niyyətindən kənara çəkməyə, həm də öz aləmində işğal edilmiş torpaqların erməni ərazisi olması “faktını” dönə-dönə təkrara etməyə çalışır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, Paşinyanın Dağlıq Qarabağda Referendum keçirməsi təklifi beynəlxalq hüquq normalarının misli görünməmiş sürətdə pozulmasıdır: “Bununla onlar Azərbaycan ərazilərini işğal edərək, oradan etnik təmizlənməyə məruz qalan azərbaycanlıların iştirakı olmadan, ölkəmizin Referendum haqqında qanununa deyil, qondarma respublikanın çıxardığı hər hansı “qanun” la referendum keçirməyə cəhd edirlər”.
Politoloq söyləyib ki, bu, nə ATƏT-in nizamlanma prosesində, nə də indiyədək aparılan danışıqların heç birində öz əksini tapmayıb: “Referendum işğal altında olan torpaqları azad olunduqdan, qaçqın və məcburi köçkünlərin də öz torpaqlarına qayıtmasından sonra keçirilməsi nəzərdə tutulan bir proses olmalıdır. Azərbaycan bunu özünün Referendum haqqında qanunu ilə həyata keçirmək istəyir”.
Ermənistan tərəfindən indiyədək belə br iddianın ortaya qoyulmadığını deyən Q. Hüseynli qeyd edib ki, bu gün işğalçı ölkənin beynəlxalq, vasitəçi təşkilatlar eləcə də Azərbaycanla razılaşmadan belə bir addım atmaq istəyi odla oynamaqdır:“Bu, bölgədə labüd müharibə vəziyyətinin yaranmasına şərait yarada və vəziyyəti daha da qarışdıra bilər. Əgər Paşinyan Dağlıq Qarabağda Referendum seçkiləri keçirməyə cəhd etsə, Azərbaycan ordusu hərəkətə keçməyə məcbur olacaq və bu sürünən anneksiyanı, işğal faktını qanuniləşdirmək cəhdinin qarşısını almağa çalışacaq”.
Politoloq vurğulayıb ki, avantürist, ciddi düşnməyi sevməyən Paşinyan növbəti riski etməyə çalışırsa, bu mütləq şəkildə Azərbaycan tərəfindən dəf ediləcək: “Bu məsələyə beynəlxalq təşkilatlar da münasibət bildirməlidirlər. Çünki bu addımla Dağlıq Qarabağda gedən müharibəyə dair nə sülh prosesi, nə də danışıqlar gündəmdə olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB