Əli Kərimli xarici qüvvələrin əlinə baxır... ANALITIK

Əli Kərimli xarici qüvvələrin əlinə baxır... ANALITIK

Və əmrlərinə müntəzirdir

AXCP sədri Əli Kərimlinin “Facebook” sosial şəbəkəsində Avropa İttifaqının ölkəmizdəki səfiri Kestutis Yankausla görüşü barədə şərh yazması və həmin şərhində avropalı diplomatın onlarla həmrəy olduğunu iddia etməsi artıq digər bir sıra məsələləri təhlil etməyə zəmin yaradır.

Sirr deyil ki, anarxiyaçı baxışları və dağıdıcılıq, ultra-radikalçılıq fəaliyyətləri ilə müxalifətin digər qanadlarından seçilən AXCP, eləcə də bu təşkilatın nəzarətində olan “Milli Şura” rəhbərliyində təmsil olunan funksionerlər dəfələrlə Azərbaycana qarşı ikili standartlardan çıxış edən, xarici dairələr, diplomatik nümayəndəlik təmsilçiləri ilə görüşlər keçirib, sifarişlər alıblar. Görünür, Ə.Kərimlinin budəfəki görüşü də həmin məqsədi daşıyıb və bu faktın özü də kifayət qədər isbatlayır ki, AXCP sədri əslində bütün fəaliyyət istiqamətini bu kimi xarici dairələrin sifarişləri əsasında qurur, onların əmrlərinə müntəzir dayandığını etiraf edir.

Əli Kərimli kimlərin əlinə işlədiklərini tam çılpaqlığı ilə ortaya qoyub

Bu səbəbdən, biz Ə.Kərimlinin yazdığı statusa bir daha nəzər salaq. O yazır ki, səfir, yəni Aİ-nin Azərbaycan üzrə təmsilçisi Kestutis Yankaus bir daha oktyabrın 19-da baş tutmuş (?!-R.N.) mitinqlə bağlı öz mövqeyini təkrarladı. “Avropa İttifaqı toplaşmaq azadlıqlarını fundamental insan haqlarından biri hesab edir və ümid edir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə əsasən sərbəst toplaşmaq azadlıqlarını təmin edəcək. Aİ aksiyanın dağıdılmasını və iştirakçıların saxlanılmasını araşdırmağa çağırır. Eyni zamanda Aİ etiraz aksiyası zamanı saxlanılanların azadlığa buraxılmasına çağırır”, deyə Ə.Kərimli sözügedən statuasunda hər şeyi tam çılpaqlığı ilə ortaya qoyub.

AXCP sədri öz hakimiyyətləri zamanı qəbul edilən qanuna qarşı çıxır

Və bu arada, biz Milli Məclisin növbəti iclası zamanı vitse-spiker Ziyafət Əsgərovun səsləndirdiyi fikirləri bir daha xatırlatmaq istərdik. Belə ki, Ə.Kərimlinin xarici dairələrlə iş birliyində olması, onlara nökərçilik etməsi bəllidir. Lakin digər məqam Azərbaycan hakimiyyəti ilə diktə dilində danışmağa cəhd edən həmin qurumlara yerində verilən sərt cavabdır. Misal üçün, Ziyafət müəllim hakimiyyətimizlə diktə dilində danışmağa cəhd göstərib, “ağılqoyanlıq” edənlərə xatırladıb ki, əgər Ə.Kərimli insanların sərbəst toplaşmaq hüquqlarının pozulduğunu iddia edirsə və onlar da Ə.Kərimlinin dediklərini qəbul edirlərsə, onda 1992-ci ildə ölkəyə rəhbərlik etmiş Əbülfəz Elçibəyin Helsinki şəhərində “Mülki və siyasi hüquqlar haqqında” aktını imzaladığını xatırlasınlar. “Əli Kərimli, bunu sizin “sevgi” bəslədiyiniz, sonra xəyanət etdiyiniz Elçibəy imzalayıb”, deyən Z.Əsgərov onu da xatırladıb ki, Azərbaycan qanunvericiliyndə birbaşa göstəriş var ki, metro stansiyasının 200 metr yaxınlığında mitinq keçirmək olmaz: “Bu ərazi metronun mühafizə zonası adlanır. Əgər niyyətin sağlamdırsa, mitinqi 10-15 kilometr kənarda da keçirmək olar. Amma niyyət sağlam deyil axı. Əli Kərimli bir neçə gün əvvəl sosial şəbəkədə bəyanat verdi ki, nəyin bahasına olursa-olsun şəhərin mərkəzinə gəlin, qarşıdurma olmalıdır, hakimiyyətin üzərinə getməliyik. Sən kimsən, hakimiyyətin üzərinə gəlmək istəyirsən. Bir qrup adamın şıltaqlığına görə milyonlarla insanın hüquqlarını tapdalamalıyıq?”

Yəni buradan həm də belə anlaşılır ki, əslində sərbəst toplaşmaq azadlığının qarşısının alındığını iddia edən Ə. Kərimli öz hakimiyyətləri dövründə bu qanunun qəbul edilməsini xatırlamalı və necə deyərlər, avropalı diplomatların qarşısında yaxa-başını dartıb, özünü məzlum kimi göstərməməlidir. O cümlədən, avropalı diplomatlar da həmin qanundan hali olmalıdırlar. Beləliklə, AXCP sədri öz hakimiyyətləri zamanı qəbul edilmiş qanuna qarşı çıxır, bu vasitə ilə özünü daha çətin vəziyyətə salır.

Diktə dili ilə danışmağa cəhd edənlərin nəzərinə!

Digər tərəfdən, Z.Əsgərovun radikal və dağıdıcı müxalifətə dəstək göstərən, sifarişlər verən, bu vasitə ilə ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərən avropalı siyasilərə, diplomatlara və qurumlara da sözü kəskinliyi ilə seçilib: “Avropadan səslər gəlir... Avropa İttifaqından, Avropa Şurasından deyirlər ki, məsələni araşdırın, məlumat verin... Əvvəla, bizimlə diqtə dilində danışmaq olmaz, gedin Londonda, İspaniyada, Berlində, Parisdə demokratiya adına olan biabırçılıqları araşdırın, sonra bizimlə söhbət edərsiniz... Biz hansı yolumuzu özümüz könüllü seçmişik, hara getdiyimizi çox yaxşı bilirik, məsələləri də özümüz araşdırırıq, kimin günahı varsa, cəzasını alacaq, günahı olmayan azad olunacaq. Azərbaycan dövlətini, dövlətçiliyini, Prezident İlham Əliyevi göz bəbəyi kimi qoruyacağıq”.

Əslində Ə.Kərimlinin özünütərif vasitəsi ilə Avropa İttifaqının ölkəmizdəki səfiri Kestutis Yankausla görüşünü ictimailəşdirməsi digər faktı da - onun və ətrafınmın Qərb ağalarının nökəri olduğu faktını təsdiqləmiş olur. Əslində həmin fakt özü-özlüyündə təsdiq olunub və bu, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin icazəsiz aksiya zamanı Amerika səfirliyi və digər xarici qurumlarla telefon danışıqları aparıb, əmrlər almasıdır. Ümumiyyətlə, bu ünsürlər və bu ünsürlərin ətrafında olan ekstremist, anarxiyaçı yığnaq üzvləri hələ də anlamırlar ki, xalq onları dəstəkləmir, əksinə rədd edir. Çünki Azərbaycan xalqı dövlətinin yanındadır, onlar isə xalqı sadəcə öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Dağıdıcıların icazəsiz aksiyalarına qatılmaqdan imtina etmiş insanları söyən də, təhqir edən də məhz onlardır. Bu fakt isə, həm də belə bir nəticə hasil etməyə zəmin yaradır ki, anarxist ekstremistlərin növbəti cəhdləri də nəticəsiz qalacaq. Onlar əslində xarici dairələrin sifarişlərini icra etməyə səy göstərməklə, öz ölümcül məğlubiyyətlərinə indidən imza atmış olurlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə