Namiq Əliyev: “Pilotlarımızın çevikliyi, təcrübəsi avantüradan yayınmağa imkan verdi”

Namiq Əliyev: “Pilotlarımızın çevikliyi, təcrübəsi avantüradan yayınmağa imkan verdi”

“Füzuli rayonu istiqamətində planlı təlim uçuşları həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin Ermənistan silahlı qüvvələrinin OSA zenit-raket kompleksi vasitəsilə vurulması cəhdi Ermənistanın növbəti təxribatıdır”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib.

Onun sözlərinə, bu avantüra son günlərdə təmas xəttində Azərbaycan hərbçilərinə qarşı erməni snayperlərinin hücumlarının daha iri miqyaslı davamıdır: “Pilotlarımızın çevikliyi, təcrübəsi və hərbi təyyarələrdə quraşdırılmış yeni texnologiya bu avantüradan yayınmağa imkan verdi. Ermənilər yaxşı bilirlər ki, etdikləri hər bir hərəkət, xüsusən də canlı qüvvə tələfatı Azərbaycan hərbçiləri tərəfindən cavabsız qoyulmur. Odur ki, təlim keçən aviasiya vasitələrinə zərbə vurmaq cəhdi ilə təmas xəttindəki gərginliyi daha da artırmaq istəyirlər. Təsəvvür etmək çətin deyil ki, hərbi təyyarəmiz vurulsaydı, Azərbaycanın cavab zərbəsi nə ola bilərdi? Ermənistanın daxili siyasi vəziyyəti qeyri-sabit olduğundan, əsasən də rəsmi İrəvanla qondarma Dağlıq Qarabağ rejimi rəhbərliyi arasında narazılığın olması səbəbindən münaqişə tərəfləri arasında gərginliyin artması, silahlı qarşıdurmanın güclənməsi kimlərəsə lazımdır. Amma bütün hallarda, irimiqyaslı müharibənin başlaması ehtimalı çox azdır. Ən pis variantda, Aprel döyüşlərinə bənzər bir hadisə baş verə bilər. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsindən bir məqamı xatırlatmaq istəyirik: ”Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub”. Beləliklə də, Ermənistan hansı təxribata əl atırsa atsın, bu, onun qalibiyyəti ilə nəticələnməyəcək, əksinə, növbəti və daha sarsıdıcı cavablar alacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə