BSU-da "Saxta erməni soyqırımı" mövzusunda konfrans keçirilib

BSU-da "Saxta erməni soyqırımı" mövzusunda konfrans keçirilib


Bakı Slavyan Universitetində Turan Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Saxta erməni soyqırımı" mövzusunda konfrans keçirilib. Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstünü ziyarət edib, önünə gül dəstəsi düzüblər.
Konfransı giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov illərdir mənfur ermənilərin dünya ictimaiyyətinə "erməni soyqırımı" kimi tanıtdıqları saxta tarixin gənc nəslə düzgün izah edilməsinin əhəmiyyətini qeyd edib: "Tarix boyu qəsbkar ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı törətdikləri soyqırım aktları alimlərimiz tərəfindən ciddi araşdırılıb xalqa təqdim olunmalıdır".
Konfransda Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayıl "Saxta erməni soyqırımı" mövzusunda məruzə ilə çıxış edib. O, bir əsrdən artıq bir dövrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı hadisələrindən, erməni terrorunun tarixindən və bugünkü erməni işğalından ətraflı bəhs edib.
Konfrans çərçivəsində "Tarixini unutma-erməni terrorizminin tarixi" adlı filmin nümayişi olunub.
Konfransda millət vəkili Adil Əliyev çıxış edərək tarixi əsası olmayan qondarma erməni soyqırımı haqqında cəfəng fikirlərə qarşı Milli Məclis tərəfindən mühüm işlər görülməsindən, həmçinin dövlətin idman və gənclər, ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətdən danışıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırman çıxışında XIX əsrdə Türkiyənin Ərzurum bölgəsində ermənilərin törətdikləri soyqırıma diqqət çəkib. M.Ağırman bu qətliamı erməni millətçilərinin tarix boyu terrorizmlə məşğul olmasının faktı kimi qeyd edib.
Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü, yazıçı Yunus Oğuz çıxışında saxta erməni soyqırımı tarixinin köklərindən danışıb. O, qeyd edib ki, "erməni soyqırımı" Ermənistanın xəstə təfəkküründən törəyən əsassız iddiadır.
Yunis Əmrə İnstitutunun Bakı filialının müdiri Cihan Özdəmir türk xalqlarının tarixindən danışaraq, türklərin tarix boyu düşmənə qarşı mübarizə əzmindən söz açıb. Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında XV-XVIII əsrlərdə ermənilərin Türkiyə ərazisindən Cənubi Qafqaza köçürülməsi faktına toxunaraq, ermənilərə qarşı heç bir soyqırımı hadisəsinin baş vermədiyini bildirib.
Azərbayan Türkiyə İş Adamları Birliyinin sədri Camal Yangın türk xalqlarının düşmənə qarşı mübarizədə iş, fikir və dil birliyinin önəmini qeyd edib.
Turan Araşdırma Mərkəzinin idarə heyətinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu, tarixçi alim Telman Nüsrətoğlu, əməkdar jurnalist Şəlalə Həsənova çıxışlarında qondarma erməni soyqırımının heç bir məntiqi əsası olmaması haqqında maraqlı fikirlər səsləndiriblər.
ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə