Sədaqət Vəliyeva: "Problemli kreditlərin həlli ilə bağlı qərar dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu"
"Problemli kreditlər məsələsi 2015-ci ildən güclənən qlobal miqyaslı maliyyə-iqtisadi böhranın nəticəsi olaraq meydana çıxmışdı. Ölkəmizdə baş vermiş iki devalvasiyanın yekunu olaraq, dollar manatın məzənnəsinə nisbətdə yüksəldi və banklardan dollarla kredit götürmüş vətəndaşların ödəmə qabiliyyətinə zərbə vurdu. Amma belə bir proses təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də müşahidə edildi". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva "Səs" qəzetinə açıqlamasında bildirib.
Deputat bildirib ki, ötən müddət ərzində, vətəndaşlarla görüşlərdə bu problem qaldırılmış, insanların müraciətləri təhlil edilərək, müvafiq qurumlara təkliflər göndərilmiş, hətta Milli Məclisin plenar iclaslarında dəfələrlə səsləndirilmişdi: "Yəni gördüyünüz kimi, bu problem haqqında dövlət məlumatlı olub. Deyərdim ki, hökumət bu problemin aradan qaldırılması və vətəndaşların dollar kreditləri ilə bağlı yaşadığı çətinlikləri daha tez aradan qaldırmaq niyyətində idi. Amma bilirsiniz ki, hər bir sosial qərarın arxasında ciddi maliyyə resursu dayanır. Təsadüfi deyil ki, böhranın nəticələrinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi islahatlar tez bir zamanda səmərəsini verdi və dövlətimizin inkişafı dinamikləşdirildi və maliyyə imkanlarımız artdı. Məhz buna görə də, 2019-cu ilin dövlət büdcəsi müzakirə edilərkən problemli kreditlər məsələsinin həlli, eləcə də, cari ilə nəzərdə tutulmuş sosial proqramların maliyyələşdirilməsi haqqında ciddi müzakirələr aparıldı, təkliflər irəli sürüldü. Eyni zamanda, Cənab Prezident bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında reallaşdırılacaq islahatlar, hətta perspektiv sosial tədbirlər haqqında da cəmiyyətimizi məlumatlandırmışdı. Məhz ötən 2 ay ərzində, dövlət başçısının təqribən 3 milyon insanı əhatə edən və maliyyə tutumu təxminən 2.2 milyard manat olan sərəncamları, fərmanları imzalaması, qərarları verməsi sırf Azərbaycan xalqının yaşayış və rifah halının daha da yüksəldilməsi məqsədinə xidmət edir. Elə problemli kreditlərin həlli ilə bağlı qərar da dövlətin vətəndaşlarına yüksək diqqət və qayğısının növbəti təzahürü oldu. 800 mindən çox insanı əhatə edən Prezident Fərmanı dünyada analoqu olmayan bir qərar idi».
Sədaqət Vəliyeva əlavə edib ki, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də, problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır və Prezident İlham Əliyevin verdiyi bu qərarlar bütün dünya üçün sosial inqilab nümunəsidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB