Regionun lider ordusu - Azərbaycan əsgəri - TƏHLİL

Regionun lider ordusu - Azərbaycan əsgəri - TƏHLİL

Azərbaycan ordu quruculuğuna böyük diqqət göstərir. Son illərdə ordu quruculuğuna ayrılan vəsait durmadan artır, yeni müasir silahlar, texnika alınır. Azərbaycanda istehsal olunan 500 növə qədər məhsul həm ordumuza xidmət edir, həm də xarici bazarlara çıxarılır. 2011-ci ildə müdafiə xərcləri 3,1 milyard dollar təşkil edərək Ermənistanın dövlət büdcəsindən çox olub. Son 16 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrinin əsasını təşkil edən Müdafiə Nazirliyi hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır.

 

Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Mənfi mövqedə dayanan qüvvələr belə artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Müasir silahlarla təchiz edilən Azərbaycan ordusunun hərbi əməliyyatlara başlaya biləcəyindən ehtiyatlanan Ermənistan məğlub olacağını başa düşdüyü üçün indi hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin yenidən əsgəri müstəviyə keçməsinə mane olmağa çalışır. Bu məqsədlə erməni diasporu da fəaliyyətini xeyli genişləndirib. Ermənistanın, eləcə də erməni diasporunun narahatlığına yol açan əsas məqamlardan biri isə Azərbaycanın hərbi xərcləridir. Əslində, Azərbaycanın işğala məruz qalması və müdafiə qabiliyyətinin, daha da gücləndirilməsi baxımından hərbi xərclərini artırması təbii qarşılanmalıdır və bu istiqamətdə müvafiq işlər görülür.

 

Real vəziyyət də onu göstərir ki, bütün əsas sahələr üzrə Azərbaycan ordusu günü-gündən gücləndiyi halda, Ermənistan silahlı qüvvələrində tamamilə əks proses gedir. Maddi təminat baxımından indiyə kimi kifayət qədər ciddi çətinliklərlə üzləşən Ermənistan ordusuna artıq çağırışçı çatışmazlığı da qabarıq şəkildə özünü büruzə verməyə başlayıb. Belə ki, erməni mətbuatını yazıdığına görə, Ermənistanda hərbi xidmətdən azad olunmalarla bağlı güzəştlər, eləcə də demoqrafik vəziyyət çağırışçı çatışmazlığı probleminə səbəb olub. Ötən əsrin 90-cı illərində Ermənistanda doğum əmsalı kəskin şəkildə düşüb. Belə ki, 1991-ci ildə ölkədə 39 min oğlan uşağı anadan olub və 2009-cu ildə məhz onlar hərbi xidmətə çağırılırlar. Lakin doğulan oğlan uşaqlarının sayı 1995-ci ilə qədər 25 697-yə enib. Ermənistan Dövlət Statistika Xidmətinin demoqrafiya şöbəsinin müdiri Karine Xuyumciyanın bildirdiyinə görə, müharibədən ötən dövr ərzində də doğum əmsalı yaxşılaşmayıb. Ötən il Ermənistanda doğulan körpələrin 24 mini oğlan olub. Statistika xidmətinin rəsmisi bildirib ki, bu özünü ən azı gələn onillik ərzində hərbi xidmətə başlayan erməni çağırışçılarının sayında əks etdirəcək Azərbaycan da ordunun vəziyyəti bütün regiona bəllidir.

 

Eyni zamanda ordunun gücünü artıran, hərbçilərimizin döyüş əhvalını yüksəldən əsas amil isə ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Ermənilərin Azərbaycan torpaqlarını 20 faiz torpaqlarının işğalı və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Bu isə müharibə vəziyyətində olan və torpaqlarını geri qaytarmaq həvəsi ilə alovnan Azərbaycanın haqqıdır.

 

Əsas məqsəd Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən azad etməkdir. Artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir.

 

Sonda isə Ali Baş Komandan, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı söylədiyi nitq ilə yekunlaşdırmaq istərdim: "Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü deməlidir və vaxt gələndə deyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə