"Paşinyanın komandası Avropaya inteqrasiya eyforiyasını yaşamaqdadır" ÖZƏL-ŞƏRH

"Paşinyanın komandası Avropaya inteqrasiya eyforiyasını yaşamaqdadır" ÖZƏL-ŞƏRH

“Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi təlatümlər daha da aktivləşir. Anti-rusiya dalğası üzərində hakimiyyətə gələn Paşinyan və onun tərəfdarları Rusiyaya qarşı ciddi əks təbliğat kampaniyasını uğurla davam etdirirlər”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, ölkənin siyasi mənzərəsinə baxdıqda artıq rusiyapərəst qüvvələrin tam məğlub durumda olduğunu və onların heç bir müqavimət qüvvəsinin qalmadığının şahidi oluruq: “Rusiya tərəfindən maliyyələşdirilən bir-iki ictimai təşkilat saxta sosial sorğu keçirərək guya Ermənistan-Rusiya münasibətlərinin keçmişdəki səviyyəsində olmasını istəyənlərin sayının əhalinin 70 faiz təşkil etməsi barədə bəyanatları çox zəif və təsirsiz görünür. Hazırda Ermənistan əhaisinin böyük qismi Paşinyan komandasının liderliyinin təsiri altında Avropaya inteqrasiya eyforiyasını yaşamaqdadır.

Paşinyan hakimiyyətə yeni gəldikdə təbii ki, Rusiya və Avropa arasında balanslaşdırılmış siyasət barədə düşünsə də hər iki tərəf ondan konkret mövqe tələb etdi. Həm Rusiya, həm də Avropa Ermənistanın birmənalı olaraq onların tərəfində dayanmasını tələb etdilər. Dünən “Danışır Moskva” radiosunun aparıcısı Dorenkonun Paşinyanı və Ermənistanın siyasi elitasını təhqiramiz şəkildə aşağılaması və onların ünvanına söyüş tərzində ifadələr işlətməsi Ermənistanda böyük etirazlara səbəb olub. Dorenko Paşinyanı və onun siyasətini cinsi azlıqlarla müqayisə edərək siyasi manevrlərini “ortalıqda rəqs etmək” kimi qiymətləndirib. Avropanı cinsi azlıqlara bənzədən Dorenko Paşinyana sinəsini və ayaqlarını qırxaraq onların yanına getməsini deyib.

Hadisələrin bu dərcədə kəskin xarakter alması erməni siyasətinin böhran dönəmi yaşadığını və onların krizisdən çıxış yolunda Rusiyasız hərəkət etmək istəkləri aydın görünür. Artıq bu məsələdə mövqe aydınıdır. Rusiya nə qədər cəhd etsə də Ermənistanı öz təsir dairəsinə qaytara bilməyəcək. Belə olan halda Putin Qafqazda nüfuzunu saxlamaq və bu regionda maraqlarını təmin etmək istəyirsə, ilk növbədə Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bunun üçün tarixi şərait yetişib. Azərbaycan elə bir məkanda yerləşir ki, regionda baş verən bütün proseslərdə iştirakı mütləqdir. İşğal siyasəti səbəbindən regionla nəhəng proyektlərdən məhrum olan ölkənin gələcəyi yoxdur. Hesab edirəm ki, həm Ermənistan, həm də Rusiya yaxşı düşünməlidirlər. Yetişmiş tarixi fürsəti qaçırmaq olmaz. Təcili olaraq Dağlıq Qarabağla bağlı danışıqları bərpa edib, tezliklə işğal olunmuş ərazilərin sahibinə təhvil veriməsi prosesinə başlanılmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə