"İranın qlobal siyasətdəki yalnızlığı gedərək artmaqdadır” ÖZƏL-ŞƏRH
“Türkiyə, Almaniya, Fransa və Rusiyanın Suriya böhranın həlli üçün İstanbul sammitində bir araya gəlməsi, qlobal güc tarazlıqlarında yeni bir dönüş nöqtəsinə doğru işarədir. Bu tarazlıqda nə Donald Trampla birlikdə hegemonik mövqeyini möhkəmləndirmək səylərinə girişən Amerika Birləşmiş Ştatları (ABŞ), nə də Yaxın Şərq siyasətində böyük nisbətdə Rusiyanın dəstəyini arxasına alan İran iştirak etməkdədir”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, hər şeydən əvvəl İranın xüsusilə Suriya böhranın başından etibarən Türkiyə ilə rəqabət içərisinə girməsi, dekabr 2016-ci il tarixli Moskva memorandumunda, Astana görüşlərinə və Soçi sammitinə baxmayaraq bu rəqabətçi mövqeyini davam etdirməsi, Türkiyənin reaksiyasını çəkmiş, lakin Tehranın Türkiyəni bu böhrandan kənarda saxlamaq səyləri uğursuzluqla nəticələnmişdir: “Bunun ən bariz nümunəsi də Suriya böhranın həlli istiqamətli Türkiyənin ev sahibliyi ilə reallaşan, Avrasiya və Qərbin aparıcı nümayəndələrinin bir araya gəldiyi İstanbul sammitidir. Bu baxımdan İran İstanbulda keçirilən sammitə qısqanclıqla yanaşıb. Əslində, İran hər dəfəsində XİN səviyyəsində açıqlamalar verərək, Türkiyənin bölgə siyasətində əslində heç bir əhəmiyyətli müvəffəqiyyət əldə etmədiyini, Yaxın Şərqdəki tək söz sahibinin İran olduğunu və Türkiyə ilə Rusiyanın Suriya böhranının həlli üçün özlərinə ehtiyac duyduğunu eyham edib.
Halbuki İranın böhranın həlli yolundan anladığı Suriyada Əsədin dəstəkləyən qüvvələr xaricindəki bütün aktyorların ölkə ərazisindən çıxmasıdır. Burada "çıxması" sözünün altından xüsusilə qırmızı xətt çəkilərək qeyd edilməlidir. Belə ki, 7 Sentyabr 2018-ci il tarixli Tehran sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, normalda zirvədə üzərində durulmayan ABŞ və onun müttəfiqi PYD / PKK terror təşkilatının Firatın şərqindən çıxardılması məsələsini gündəmə gətirdiyində İran prezidenti Həsən Ruhani, "ABŞ-ı Firatın şərqindən çıxmağa məcbur edək", ifadələrindən istifadə, burada bir qarşıdurmadan çox məcburedici diplomatiya vasitələrinə işarə edib.
İran üçün, Türkiyənin Yaxın Şərqdəki fəaliyyəti, okeanın o biri tərəfindəki ABŞ-a nisbətən daha çox təhdid kəsb edir. Bir sözlə, Türkiyə-Rusiya-İran üçlüyünün başlatdığı Astana zirvəsiylə birlikdə, Avrasiya düşüncəsinin yenidən yüksəlişə keçdiyi düşünülərkən, İranın bu müddətdəki prioriteti, Türkiyənin Yaxın Şərqdəki fəallığının qarşısını almaq olmuşdur. Bu müddət ərzində nə İŞİD, ABŞ nə dəki PKK təhlükə törətməyib. Tehran üçün əsl təhlükə, Türkiyənin Əsəd rejiminə qarşı mülayim müxalifləri dəstəkləməsi olub.
Digər tərəfdən ərazidə güclənən və ölkənin demoqrafik quruluşunu dəyişdirmək üçün cəhdlər edən İran milisləri, dünya gücləri tərəfindən Suriyanın gələcəyi üçün bir təhlükə olaraq görülməyə başlanmışdır. Belə ki, həm Almaniya, həm də Fransa İranın nüvə silah əldə etməməsi, Yaxın Şərqi daha çox sabitsizləşdirməməsi və Suriyadan çəkilməsi mövzusunda həmfikir olduqları görünür. Bu fikir keçdiyimiz aylarda ABŞ prezidenti Donald Tramp ilə müzakirə edən Helsinki sammitində "İranın Suriyadan çəkilməsi" mövzusunda ortaq qənaətə gələn Rusiya Dövlət Başçısı Vladimir Putin də bu fikrə qatılmışdır. Almaniya-Fransa-ABŞ-Rusiyadan ibarət formalaşan bu dördlü formatda ortaq fikiri, Almaniya kansleri Merkel bu sözlərlə ifadə etdi: "Rusiya Dövlət Başçısı ilə Suriyadakı İran mövcudluğunu mövzusunu müzakirə etdik. İran qüvvələrinin olmadığı bir bölgə istəyirik. Bu səbəbdən İran qüvvələri Suriyadan çəkilməli”. Mövzu ilə əlaqədar Putin, İran qüvvələrinin Suriyadan tamamilə çəkilməsinin ayrı bir mövzu olduğunu və buna İran-Suriya və İran-ABŞ arasındakı dialoqla qərar verilməsi lazım olduğunu söyləyib.
Bir sözlə, Helsinki sammitində bir araya gələn Moskva ilə Vaşinqton arasında İranın Suriyadan çəkilməsinə dair ortaq bir fikrə gəlindiyi görülür. İndiki vaxtda hər nə qədər əsas müzakirə məsələsi İdlibdəki insani böhranın qarşısının alınması olsa da İstanbul Sammiti ilə birlikdə, Ankara-Berlin-Paris-Moskva xəttində İranın Yaxın şərqdən çəkilməsi mövzusunda yeni bir əməkdaşlıq anlayışı ortaya çıxa bilər.
Bu vəziyyət, İranın qlobal güc mübarizəsində və beynəlxalq siyasətdə daha çox yalnızlaşması mənasına gələ bilər. Nəticədə İstanbul Sammitiylə birlikdə, Türkiyənin beynəlxalq siyasətdəki mərkəzi yeri biri daha möhkəmlənməkdə və İranın qlobal siyasətdəki yalnızlığı gedərək artmaqdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB