Ermənistan ordusunda intihar halları artır - ANALİZ

Ermənistan ordusunda intihar halları artır - ANALİZ

Azərbaycan torpaqlarının 20%-ni böyük havadarlarının köməyi ilə işğal etmiş Ermənistanda siyasi, iqtisadi, sosial böhranlarla yanaşı hərbi böhran da güclənir. Hər gün erməni əsgərlərinin bir-birini qırması, intihar etməsi kimi xəbərlər yayımlanır. Bütün bunlar işğalçı ölkənin ordusunun çox pis durumda olduğunu və getdikcə dağılmağa doğru yuvarlandığını göstərən faktlardır.

Bu il işğalçı orduda 44 nəfər həlak olub

Bir neçə gün öncə Ermənistan ordusunda daha bir hərbçi ölümü qeydə alınıb. "Jamanak" qəzeti xəbər verir ki, Lusakertdə yerləşən hərbi hissələrin birində əsgər intihar edib. Əsgərliyə cəmi 1 gün əvvəl gəlmiş gənc xidmət etmək istəmədiyini bildirib və özünü pəncərədən atıb. Müdafiə Nazirliyinin mətbuat xidməti hadisəyə şərh verməkdən boyun qaçırıb.

Ümumiyyətlə, nazirlik bu tip məlumatları gizlətməyə, örta-basdır etməyə çalışır. Lakin Ermənistan çox balaca ölkədir və burada hər şeydən tez xəbər tutmaq olur. Hətta qapalı sayılan orduda baş verənlərdən də.

Ermənistan ordusunda bir neçə gün öncə 4 hərbçinin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnmiş silahlı insident ətrafında müəammalar bitmir. "Haykakan Jamanak" qəzetinin məlumatına görə, Müdafiə Nazirliyinin hadisənin əsl mahiyyətini ört-basdır etmək istəyi baş tutmur. Məsələ ondadır ki, nazirlik baş verənlərlə bağlı yaralı əsgər Manvel Azoryanın barəsində həbs qərarı çıxarıldığını, onun günahını boynuna aldığını bildirir. Guya məhz Azoryan 4 həmkarını öldürdükdən, 3-nü isə yaraladıqdan sonra özünü də güllələsə də, sağ qalıb.

Lakin təkrar ekspertizada yaralı hərbçinin bədənində yalnız öz silahına deyil, digər silaha məxsus da güllə aşkarlanıb. Bu isə onun kim tərəfindənsə güllələndiyini göstərir. Rəsmi açıqlamada isə bu haqda heç nə deyilmir.

Bu kimi halların çoxluğu Ermənistanda ən qapalı strukturlardan biri olan silahlı qüvvələrdən cəmiyyətin narazılığı artırıb. Erməni ordusunda qətl, quldurluq, intihar və ölümlərlə bağlı statistika durmadan artır. Rəsmi statistikaya görə, 2010-cu ilin yanvar-oktyabr aylarında Ermənistan Silahlı Qüvvələrində 89 hərbi qulluqçu həlak olub, 102 nəfər yaralanıb.

Dağlıq Qarabağ ərazisində baş vermiş son hadisə Ermənisan ordusunda çox böyük problemlərin olduğuna bir daha dəlalət edir. Ermənistanın hakimiyyət dairələri ordudakı intizamsızlıq, başıpozuqluq və artan ruh düşkünlüyünü artıq ictimaiyyətdən gizlədə bilmirlər. Hərbi ekspertlərin fikrincə, hadisələr indiki məcrada davam edərsə, Ermənistan ordusunda situasiya kritik həddə çata bilər.

Ermənistanda ordudan yayınan 10 mindən çox gənc axtarışdadır

Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Krasnaya Zvezda" qəzeti Ermənistanın diaspora naziri Qranuş Akopyana istinadən yaydığı məlumata görə, mövcud problemin nizamlanması üçün Ermənistan hökuməti qanunlara dəyişikliklər etməyi təklif edib. Bura ordudan yayınmış, 2010-cu il niyabrın 1-dək 27 yaşı tamam olmuş şəxslərin cinayət təqibinin dayandırılmsı, məcburi xidmət keçmək istəməyən vətəndaşların 27 yaşa qədər hər çağırış zamanı dövlətə cərimə ödəməsi təklfi olunur.

Cərimənin məbləği hər çağırış üçün 100 min dram (təxminən 280 dollar) təşkil edəcək. Sağlamlıq durumuna görə xidmətə yararlı olmayanlar isə 30 min dram ( 80 dollardan çox) cərimə ödəməlidirlər. Atası və ya doğma qardaşı xidməti vəzifəsini yeriən yetirərkən həlak olanlar, yaxud ailədə yeganə kişi olanlar isə cərimədən azad olunacaqlar.

Ermənistan İnsan Haqları Mərkəzinin eksperti Aşot Hovanesyanın dediyinə görə, ölkənin silahlı qüvvələrində hərbi qulluqçuların qətli, intiharı və fiziki zorakılıqlara məruz qalmaları ilə bağlı xəbərlər artıq cəmiyyətin əsəblərini gərib.

"Bu hadisələrin böyük qismi ordudakı intizamsızlıq, korrupsiya və hələ sovetlər dönəmindən qalmış "dedovşina" ilə bağlıdır. İş o yerə çatıb ki, 2010-cu ilin əvvəlindən bu yana Ermənistanın Silahlı Qüvvələrində odlu silahdan istifadə edilməklə qətlə yetirilmiş gənclərin sayı ötən illə müqayisədə 4 dəfə artıqdır.

Ermənistanlı və Qarabağlı ermənilərin müharibəsi

Ermənistan ordusunda başlıca problem Ermənistan vətəndaşları ilə Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış gənclər arasındakı nifrət və qarşıdurmadır. Odlu silahdan istifadə edilən insidentlər də əsasən bu gənclər arasında olur. Eyni zamanda Ermənistan ordusunda "dedovşina", homoseksualizm, zabitlərin gənc əsgərləri çox ağır formada təhqirlərə məruz qoymaları ilə bağlı faktlar da yetərincədir. Erməni hərbçilərinin belə cinayətlərindən bəhs edən videoçarxlar internetdə də mütəmadi yayılır.

"Dağlıq Qarabağdakı son hadisə isə faciə ilə yanaşı, biabırçılıqdır. Ermənistan rəhbərliyi həmin hərbi qulluqçuların "Dağlıq Qarabağın silahlı qüvvələrinin əsgərləri" olduğunu desə də, güllələnən gənclərin istisnasız olaraq hamısı Ermənistan vətəndaşlarıdır",- A.Hovanesyan söyləyib. Yerevandakı Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyanın dediyinə görə, ölkə rəhbərliyi və xüsusilə də müdafiə naziri ordudakı biabırçı vəziyyəti yaradan problemləri aradan qaldırmaq üçün konkret olaraq heç bir iş görmür.

"Tam əksinə, müvafiq dövlət strukturları əsgər ölümləri, zorlamalar, intiharlar və korrupsiya hallarını ört-basdır etməyə çalışır, baş verənlər sanki "sıradan bir hadisə" imiş kimi davranırlar. Ermənistanın silahlı qüvvələrindəki probelmlərin kökü korrupsiya və cəzasızlıq sindromudur. Zabitlərin bir çoxu əsgərlərə az qala qul, təhkimli kimi baxır və onlardan ən müxtəlif məqsədlərlə istifadə edirlər. Məsələn, ordunun Ermənistanla yanaşı, Dağlıq Qarabağdakı hissələrində əsgərlərdən ucuz, bir çox hallarda isə pulsuz işçi qüvvəsi kimi istifadə edilir, onlar "icarəyə verilir" və qul kimi işlədilirlər. Əsgərlərin valideynlərindən fasiləsiz şəkildə rüşvət tələb edilir, istənilən məbləğ əldə edilməyəndə isə əsgərin günü qara olur. Orduda ən biabırçı, ən rəzil davranış halları var. Hərbi hissələrdə əsgərlərin təcavüzlərə məruz qalmaları və zorlanmaları ilə bağlı faktlar sürəkli olaraq artır", - Avetik İşxanyan bildirib.

Göründüyü kimi, Ermənistan ordusu ağır problemlər içindədir və getdikcə vəziyyət pisləşir. İşğalçı ölkənin əsgər və zabit heyəti psixoloji problemlərlə yanaşı, ağır fiziki və sosial problemlərlə üzləşir ki, buda Ermənistan üçün yaxşı heç nə vəd etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə