"Azərbaycanın daxili işlərinə qarışmaqla nəyəsə nail olmaq mümkün deyil" MÖVQE

"Azərbaycanın daxili işlərinə qarışmaqla nəyəsə nail olmaq mümkün deyil" MÖVQE

“Ümumiyyətlə, Avropa Şurası bir neçə insanın təsiri altındadır və həmin adamlar da yəqin ki, Azərbaycana qarşı müsbət yanaşmırlar. Bu baxımdan da 3-4 nəfərin təxribatçı addımlarına görə, ölkəmizə qarşı bu tip şoular vaxtaşırı səsləndirilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

"Avropa Şurası kimi ciddi təşkilat şou əvəzində dövlətlər üçün tövsiyələr hazırlamalı, yol göstərməlidirlər"

Politoloqun sözlərinə görə, əslində Avropa Şurası kimi ciddi təşkilat belə şoular əvəzində irəliyə baxmalı, dövlətlər üçün tövsiyələr hazırlamalı, yol göstərməlidirlər: “Əgər bunun əvəzinə qarşıdurma yaratmağa çalışacaqlarsa, o zaman bundan ən çox uduzan Avropa tərəfi olacaq. Azərbaycan Avropaya qarşı getmək istəmir. Amma Avropa qurumları Azərbaycanın bütün məsələlərində obyektiv olmalıdır. Bu məsələlərin başında Dağlıq Qarabağ münaqişəsi, işğalçının adının çəkilməsi, işğala səbəb olan ölkənin hərəkətlərinə lazımi qiymətin verilməməsi və digərləri dayanır. Amma nədənsə, Azərbaycanla bağlı müzakirələr aparıldıqda əsas məsələlər kənarda qalır, əhəmiyyətsiz mövzulara daha çox diqqət edilir”.

"Azərbaycanın daxili işlərinə qarışmaqla nəyəsə nail olmaq mümkün deyil"

AŞPA tərəfindən ölkəmizə qarşı atılan addımları əhəmiyyətsiz hesab edən Q. Hüseynli bu addımların Azərbaycana heç bir təsir imkanına malik olmadığını düşünür: “Qoy Avropa Birliyi öz adamlarından prinsipal olmağı tələb etsin. Azərbaycanın daxili işlərinə qarışmaqla nəyəsə nail olmağa çalışırlarsa, bu təbii ki mümkün olmayacaq”.

"AŞPA-da dünya dəyərlərinə söykənmək istəyirsə, qərəzli mövqeyindən əl çəkməlidir”

Xristian dünyasında islamafobiyanın geniş yayıldığını dilə gətirən politoloq söyləyib ki, onların yaratdıqları beynəlxalq qurumlar nədənsə müsəlman dövlətlərini dəvət etdikdən sonra onlarla normal münasibətlər qurmaqda xeyli çətinliklər çəkirlər: “Düzdür, sonunda özləri peşmanlıq çəkirlər. Çünki yaradılan təşkilatların sonda multikultural deyil, dünyadakı dəyərlərdən çox xristian dəyərlərinə söykənərək xristian klubu kimi qaldığını görürlər. Bu baxımdan düşünürəm ki, Avropa qurumları AŞPA-da daxil olmaqla xristian klubundan çıxıb dünya dəyərlərinə söykənmək istəyirsə, qərəzli mövqeyindən əl çəkməlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə