Elxan Şahinoğlu: “Bakıdakı görüş yeni regional formatın əsasını qoya bilər” ŞƏRH

“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda dördtərəfli görüşünün təşəbbüskarı Azərbaycan Xarici İşlər Nazirliyidir. Nədən rəsmi Bakı belə bir görüşə ehtiyac duyub? Bunun bir neçə səbəbi ola bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Məsələyə aydınlıq gətirən politoloq bildirib ki, birincisi, rəsmi Bakı bu toplantı ilə balanslaşdırılmış xarici siyasətini bir az daha gücləndirmək istəyir: “Türkiyə Azərbaycanın strateji müttəfiqi, Gürcüstan strateji tərəfdaşı, İran isə tərəfdaşıdır. Azərbaycanın bu 3 ölkənin hər biri ilə müxtəlif ortaq layihələri var. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP boru xətləri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu bölgədə Azərbaycan-Gürcüstan-Türkiyə birliyi yaradıb. Bundan başqa Azərbaycanla Türkiyənin Gürcüstana böyük yatırımları var. Digər tərəfdən şimal-cənub nəqliyyat marşrutu da Azərbaycanla İranı dəmir yolu ilə birləşdirir. Yəni Azərbaycan qonşu dövlətlərlə münasibətlərdə regional layihələrə önəm verir. Ortada bu layihələr varkən bu 4 dövlətin siyasi müstəvidə də əməkdaşlığının genişlənməsinə ehtiyac var.

İkincisi, Azərbaycan Ermənistanın iqtisadi blokadasını gücləndirir. Azərbaycanın qonşu dövlətlərlə reallaşdırdığı bütün layihələr Ermənistandan yan keçir. Ermənistan bütün regional layihələrdən məhrumdur. Bakıda keçiriləcək dörd ölkənin xarici işlər nazirlərinin görüşü Ermənistanın iqtisadi və siyasi blokadasını gücləndirməlidir. Doğrudur, Türkiyədən fərqli olaraq Gürcüstanın və İranın Ermənistanla siyasi və iqtisadi təmasları var. Ancaq Gürcüstan və İran Ermənistanla böyük iqtisadi layihələr reallaşdıra bilmirlər. Çünki Ermənistanın iqtisadi potensialı yoxdur. Rəsmi Bakı bu faktordan da istifadə edir.

Üçüncüsü, Azərbaycan müxtəlif üçtərəfli formatların əsasını qoyub: Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran. Hazırda 4 dövlətin xarici işlər nazirinin Bakıdakı görüşü yeni regional formatın əsasını qoya bilər. Ermənistanın iştirakı ilə heç bir üçtərəfli və ya dördtərəfli format yoxdur. Bu da rəsmi Bakının xarici siyasətinin uğuru sayıla bilər. Cənubi Qafqazda ATƏT-ə bənzər təşkilatın formalaşması ideyası Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirələ məxsusdur. Süleyman Dəmirəl 1990-cı illərin əvvəllərində Cənubi Qafqazda Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif etmişdi. Bu format 3+3 şəklində olmalı idi. Yəni Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran. Azərbaycan hakimiyyəti Bakıdakı görüşdə Rusiyanın xarici işlər nazirinin də iştirakını arzulayırdı. Ancaq problem bundadır ki, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur və iki ölkənin rəsmiləri bir-birləri ilə görüşmürlər.

Beləliklə, Bakıda ilk dəfə 4 dövlətin xarici işlər nazirləri görüşəcəklər. Görüşün yekunu olaraq xarici işlər nazirləri yekun bəyanat qəbul edəcəklər. Rəsmi Bakı həmin bəyanatda 3 qonşu dövlətin xarici işlər nazirlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri maddəsini salmağa çalışacaq. Bəyanatda o da yer ala bilər ki, əgər Ermənistan Azərbaycan torpaqlarını boşaldarsa onun da həm regional layihələrə, həm də yeni formata qoşulması imkanı var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə