Əli Həsənov: “Bayraq böhranı" bir qəzetin kənar qüvvələrin təsiri altında yaydığı dezinformasiya və təxribatdır” - MÜNASİBƏT

Əli Həsənov: “Bayraq böhranı" bir qəzetin kənar qüvvələrin təsiri altında yaydığı dezinformasiya və təxribatdır” - MÜNASİBƏT

Azərbaycanla Türkiyə arasında "bayraq böhranı"na dair kütləvi informasiya vasitələrində yer alan xəbərlərə növbəti münasibəti Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən PA rəsmisi "bayraq böhranı" məsələsini Azərbaycandakı bəzi kütləvi informasiya vasitələrinin məqsədyönlü şəkildə təxribatı adlandırıb.

 

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərini neçə illərdir ki, ayrı-ayrı ölkələrin maraqlı dairələri müxtəlif tədbirlər həyata keçirməklə pozmaq istəyirlər: "Təəssüf edirəm ki, bu Azərbaycandaki bəzi kütləvi informasiya vasitələrinin məqsədyönlü şəkildə təxribatıdır. Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini neçə illərdir ki, ayrı-ayrı ölkələrin maraqlı dairələri, anti-Azərbaycan, antitürk qüvvələri pozmağa çalışır və bu sahədə də müxtəlif tədbirlər həyata keçirirlər. Təəssüf edirəm ki, belə tədbirlərin müəyyən şaxələri, izləri Azərbaycana da gəlir. Azərbaycan mətbuatına yol tapır. Azərbaycanda heç zaman Türkiyə bayrağına hörmətsizlik olmayıb, bu gündə olunmur və gələcəkdə də olmayacaq. Heç bir zamanda Azərbaycanda Türkiyə bayrağının təhqir olunması, haradansa yığışdırılması, qadağan edilməsi heç vaxt olmayıb. Sadəcə təkrar edirəm ayrı-ayrı ölkələrin maraqlı dairələri var ki, həm Türkiyədə Azərbyacan bayraqlarına qarşı, həm də Azərbaycanda Türkiyə bayraqları ilə bağlı bu tipli tədbirləri, informasiyaları yayır və hansısa aksiya həyata keçirir. Bununla da iki dövlət arasında münasibətləri korlamağa çalışırlar. Türkiyə bayrağına qarşı son yazılan faktın heç bir əsası yoxdur. Türkiyə bayraqlarını hardansa yığışdırılması faktı mövcud deyil. Bu bir qəzetin kənar qüvvələrin təsiri altında yaydığı dezinformasiya və təxribatdır".

 

Ölkədə bəzi dairələrdə rəngli inqilab fikirlərinin səslənməsinə münasibət bildirən PA rəsmisi qeyd edib ki, bu tipli çağırışlar bütün seçki kampaniyaları zamanı Azərbaycanda mövcud olub.

 

O qeyd edib ki, bu yolla həmin dairələr özlərinin seçkiqabağı kampaniyasına ictimaiyyətin və mətbuatın fikrini yönəltmək məqsədi güdürlər: "Seçki kampaniyasına qatılmaq istəyən namizədlər bu yolla özlərinə diqqət cəlb etmək istəyirlər. Düşünürəm ki, bu fikirlər əbəsdir. Azərbaycanda ictimai, siyasi vəziyyət sabitdir və kifayət qədər möhkəmdir. İctimai və siyasi institutlar öz fəaliyyətlərini dolğun şəkildə davam etdirirlər. Respublikada seçkiqabağı ab-hava mövcuddur. Azad seçki yarışının təşkil olunması məqsədi ilə seçki institutları normal fəaliyyət göstərir. Beynəlxalq və daxili müşahidəçilərin də iştirakı ilə seçkilərin keçirilməsi prosesi davam etdiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə