Baş Prokuror: “Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqınla bağlı cinayətin üstü tezliklə açılacaq”
"Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçilərinə olan basqınla bağlı istintaqın gedişində ciddi irəliləyişlər var". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov bildirib. Onun sözlərinə görə, həmin cinayət hadisəsini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq qrupu çox ciddi işlər görür: "Cinayətkarın hadisə yerində buraxdığı izlər var. Həmin şəxsin hadisə yerindən qaçdığı mikroavtobusdan onun saç və qan nümunələri götürülüb. Ümumilikdə deyə bilərəm ki, Sumqayıtda, Tağıyev qəsəbəsində dörddən çox bu cür cinayət hadisələri törədilib. Həmin hadisələr hamısı açılıb. Valyutadəyişmə məntəqəsinə basqın edən şəxsin də tutulması istiqamətində tədbirlər görülür və inanıram ki, bu cinayətin də üstü tezliklə açılacaq".
Eyni zamanda Z. Qaralov jurnalistlərə məlumat verməyən prokurorları tənbeh edib. O, bildirib ki, hər bir rayon üzrə mətbuatla əlaqə saxlamaq üçün məsul şəxslər ayrılıb və həmin şəxslərin hər birinin koordinatları Baş Prokurorluğun veb saytında yerləşdirilib: "İstənilən media təmsilçisi onlarla əlaqə yarada və baş vermiş hadisə barədə məlumat əldə edə bilərlər. Lakin sizlər də baş vermiş hər hansı ağır cinayət hadisəsinin detallarını, orda olan zorakılıq elementlərini yaymamalısınız. Bu məsləhət deyil".
Z. Qaralov Bakı şəhəri üzrə prokurorluq işçilərinin jurnalistlərlə məlumat verməməsi barədə suala cavabında isə baş prokuror Bakı şəhər prokuroru Əziz Seyidova müraciət edərək, əməkdaşlarının üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün lazımi tədbirlər görməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB