Prezident İlham Əliyev: “Azərbaycanın əsas hədəfi neft gəlirlərini insan kapitalına çevirmək olub və bu məqsədə nail olunub”
Bakıda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması və bu tarixi mərasimdə səsləndirilən bəyanatlar, irəli sürülən fikirlər müstəqil Azərbaycanın növbəti illərdə də yürüdəcək xarici siyasətə və neft strategiyasının müəyyənləşdirilməsində uğurlara imza atacağını deməyə kifayət qədər zəmin yaradır. Yeni sazişə əsasən, “Azəri-Çıraq-Günəşli” yataqları üzrə tərəfdaşların iştirak payları dəyişib. Xarici şirkətlərin payı nisbətən azalıb, SOCAR-ın payı isə əvvəlki razılaşma ilə müqayisədə 2 dəfədən çox artıb. Əvvəlki razılaşmada Bp 36%-ə yaxın, SOCAR 11.6% paya malik idi, Şevron və İnpeks hər biri təxminən 11%-lə iştirakçı idi. yeni sənəddə isə BP-nin payı 30.37%-ə düşəcək, SOCAR-ın hissələri isə 25%-ə çatacaq. Digər iştirakçıların hamısı 10%-dən az paya sahib olacaq. Layihənin operatoru yenə BP olacaq. Saziş Milli Məclisdə ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Ulu Öndər Heydər Əliyev uzaqgörənliyinin sayəsində Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında seçilmişlər sırasında yer almış oldu
Tariximizə “Yeni əsrin müqaviləsi” kimi həkk olunan bu saziş isə “Əsrin müqaviləsi”ndən bu günə qədər keçilən uzun və keşməkeşli yolu bir daha xatırlatmağı zəruri edir.
Belə ki, “Əsrin müqaviləsi”nin müstəqillik tariximizə verdiyi başlıca töhfələrdən biri və ən önəmlisi ölkəmizin xarici siyasətini balanslaşdırmaq imkanı verdi ki, bunun nəticəsində Azərbaycan dünyanın siyasi arenasında öz iqtisadiyyatı ilə seçilmişlər sırasında yer almış oldu. Halbuki, hələ “Əsrin müqaviləsi” imzalandığı dövrlərdə Azərbaycan öz müstəqilliyini yeni əldə etmişdi və bu müstəqilliyin əsasları hələ tam olaraq möhkəmləndirilməmişdi.
Misal üçün, Azərbaycan da daxil olmaqla, Cənubi Qafqaz regionunda qeyri-sabitlik hökm sürürdü. Bu vəziyyətdən istifadə edən xarici qüvvələr əsasən, nəzərlərini ölkəmizə dikmişdilər. Çünki zəngin neft-qaz və s. ehtiyatlara malik olan Azərbaycan həmin qüvvələrin dünyadakı hegemonluqlarını təmin etməkdən ötrü ən yaxşı vasitə idi. Güclər arasındakı mübarizələr də bura daxil idi. Məsələn, ABŞ-İran, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərindəki gərginliklər dərhal Azərbaycana öz mənfi təsirlərini göstərirdi. Belə ki, Azərbaycanın yerləşdiyi məkan demək olar ki, siyasi baxışların toqquşduğu mərkəzə çevrilmişi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyətli səyləri nəticəsində bir sıra həll edilməsi mümkün görünməyən problemlər, məsələlər öz həllini taparaq, Azərbaycan baş verə biləcək real təhlükələrdən sovuşdu. Bununla da ölkə tariximizdə yeni səhifə açılmış oldu. Bu səhifə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin edəcək müqavilənin imzalanması ilə açıldı. Müqavilə imzalandıqdan sonra hüquqi baza yaradıldı, ölkəyə qarşı təzyiqlər neytrallaşdırıldı, Azərbaycanın xarici siyasət kursu balanslaşdırıldı. Söz yox ki, “Əsrin müqaviləsi” sayəsində qazanılan bu üstünlük illər sonra Azərbaycana xarici siyasət kursunu tam şəkildə ikitərəfli münasibətləri inkişaf etdirmək üzərində qurmağa imkan verdi. Əbəs yerə deyil ki, artıq yeni “Əsrin müqaviləsi” imzalandı və bu tarixi fakt bilavasitə “Əsrin müqaviləsi”nin davamı olaraq qiymətləndirilir.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində yeni dövr başlayır
Beləliklə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinə dair yeni saziş Azərbaycan üçün daha əlverişli şərtlərlə imzalandı. Məhz Prezident İlham Əliyev “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan müqavilənin imzalanması mərasimində bu cür vurğuladı. Ölkə başçısı qeyd etdi ki, bu, Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. Cənab Prezident deyib ki, saziş Azərbaycan üçün daha əlverişli şərtlərlə imzalanır: "Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək".
Sazişin şərtlərinə əsasən, SOCAR-ın iştirak payı 25%-ə çatdırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.
Dövlət başçımız daha bir xatırlatmaq edərək bildirib ki, "Əsrin müqaviləsi" imzalanan zaman AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi, ancaq ehtiyatlar proqnozları üstələyib və hazırda "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş 500 milyon ton neft var. Bu baxımdan, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsində yeni dövr başlayır. Müqavilənin ölkəmiz üçün böyük əhəmiyyəti var”-deyə qeyd edən ölkə Prezidenti İlham Əliyev həmçinin onu da xatırladıb ki, “Əsrin müqaviləsi”ndən ötən 23 il ərzində kontraktın icrası çox uğurlu olub: “Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Burada hələ hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var”.
Yeni “Əsrin müqaviləsi” növbəti nailiyyətləri əldə etməyə hesablanmış uğur addımı olaraq qiymətləndirilə bilər
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas hədəfi neft gəlirlərini insan kapitalına çevirmək olub və bu məqsədə nail olunub. Məhz bu reallıq göz önündədir. Əldə edilən neft gəlirləri sayəsində bu gün ölkəmiz beynəlxalq aləmin mərkəzi rolunu oynayır. İstər regionlarımızın sosial-iqtisadi inkişafı, istər yeni sənaye mərkəzlərinin açılışı, istərsə də digər sahələrdə əldə edilən hər bir uğur arxasında dayanan əsas faktorlardan biri məhz Azərbaycan vətəndaşının həyatının daha da yaxşılaşdırılması idi ki, buna da nail olunub. Dövlət başçısının sözlərinə görə, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür. "Yeni sənədin Heydər Əliyevin adını daşıyan Mərkəzdə imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə "Əsrin müqaviləsi" imzalanmışdı. Bu gün imzalanan sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.
Artıq yeni “Əsrin müqaviləsi” növbəti nailiyyətləri əldə etməyə hesabalanmış uğur addımı olaraq qiymətləndirilə bilər.
Böyük Brtitaniyaınn baş naziri Tereza Mey: “Məhz bu saziş Azərbaycana ilk dəfə tam müstəqil ölkə kimi özünün Xəzərdəki neft-qaz ehtiyatlarından yararlanmağa imkan verdi”
Diqqət çəkən mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Azərbaycanın öz xarici tərəfdaşları ilə, xüsusilə BP ilə uğurlu əməkdaşlığını yüksək qiymətləndirməsi olub. Əbəs yerə deyil ki, Böyük Britaniyanın baş naziri Tereza Mey “Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə imzalanmış sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutulması ilə bağlı ölkə başçımıza təbrik məktubu ünvanlayıb. Həmin məktubu mərasimdə Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan oxuyub. Təbriki oxumazdan öncə Britaniyalı nazir Azərbaycanın tərəqqisinin şahidi olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyini vurğulayıb.
Tereza Meyin təbrik məktubunda isə önə sürülən fikirlər sübuta yetirir ki, Böyük Brtitaniya Azərbaycanla istər bu, istərsə də digər iqtisadi layihələrdə əməkdaşlıq edərək, ölkəmizi etibarlı tərəfdaş kimi qdəyərləndirir. Məhz bu baxımdan, məktubda xüsusi ilə qeyd edilir ki, imzalanan tarixi saziş Böyük Britaniya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələsidir: “Böyük Britaniya, xüsusilə BP 1994-cü ildə “əsrin müqaviləsi” imzalanandan bəri Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynayıb. Məhz bu saziş Azərbaycana ilk dəfə tam müstəqil ölkə kimi özünün Xəzərdəki neft-qaz ehtiyatlarından yararlanmağa imkan verdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri isə Azərbaycanın öz neftini sərbəst olaraq dünyaya çıxarması üçün mühüm addım oldu. 2020-ci ildə isə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi Azərbaycanın Avropanın əsas qaz təchizatçısına çevrilməsi istiqamətində son mərhələ olacaq”.
BP şirkətinin icraçı direktoru Robert Dadli: “Azərbaycanın neft-qaz hasilatının artırılması üçün əməkdaşlığımıza davam edəcəyik”
Mərasimdə çıxış edən BP şirkətinin icraçı direktoru Robert Dadli bildirdi ki, sazişin imzalanması ilə tərəfdaşlığın yeni səhifəsi açılır. O, 1994-cü ildə Heydər Əliyevin uğurlu siyasəti nəticəsində imzalanan əsrin kontraktının bu gün real nəticələri olduğunu bildirdi: «Cənab prezident sizin və mərhum atanızın enerji siyasəti bu gözəl ölkədə iqtisadi inkişafa təkan verib və dünyanın enerji xəritəsini həmişəlik dəyişib. bu gün isə biz bu sazişi əsrin yarısına qədər uzadırıq. Biz bu sənədi yeni əsrin kontraktı adlandıra bilərik. Mən tərəfdaşlarımızı təbrik edirəm. Biz birgə 23 illik fəaliyyətimiz dövründə və gələcəkdə “Azəri-Çıraq-Günəşliyə 40 milyard dollardan çox sərmayə qoyaraq Azərbaycanın neft-qaz hasilatının artırılması üçün əməkdaşlığımıza davam edəcəyik”.
Mərasimdə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın energetika naziri Elya Eloşvili isə ölkəsinin baş naziri Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxuyub.
Azərbaycanın müstəqil ölkə olaraq dünyadakı mövqeyi daha da möhkəmlənəcək
Yeni müqavilənin imzalanması ətrafında təhlillərimizi apararkən həm də belə nəticəyə gəlmək mümkündür ki, bu müqavilədə iştirak edən şirkətlər dünyada tanınmış şirkətlər olduğuna görə həm də dünyanın aparıcı dövlətlərinə məxsusdurdurlar. Məhz bu baxımdan, həmin dövlətlərin və şirkətlərin iştirakçısı olduğu müqavilələr daima qorunub saxlanılır, çalışılır ki, regionda heç bir ciddi problemlər yaranmasın. Bu isə Azərbaycan üçün əhəmiyyətlidir. Ona görə də belə bir amilə də toxunaraq qeyd edə bilərik ki, müqavilənin imzalanması həm də möhkəm əsaslara dayanan müstəqilliyimizin, ölkəmizdəki stabilliyin qorunub saxlanılması baxımdan əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanın müstəqil ölkə olaraq dünyadakı mövqeyi daha da möhkəmlənəcək ki, bu faktor yaxın illərdə ölkəmizin dünyanın siyasi-iqtisadi məkanındakı yerini və rolunu növbəti dədə artırmış olacaq.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB