"Azərbaycanın 22-ci Dünya Neft Konqresində iştirakı konqresin səmərəli keçməsinə çox böyük kömək edəcək" AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etməsi, ölkəmizə neftlə bağlı məsələlərin müzakirəsində yaxından iştirak etməyə, bu məsələlər barəsində təcrübəmizi bölməyə imkan verir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, konqresin ilk günündə Prezident İlham Əliyevin ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşü dünyada Azərbaycana böyük marağın olduğunu və ölkəmizin təcrübəsinin öyrənilməsinə əhəmiyyət verildiyini göstərir: “Bu görüşdə həm neft, həm də dünyada gedən proseslər müzakirə edildi. Görüşdə həmçinin Ölkə başçısının ABŞ-ın dövlət katibinə iyulun 4-də Ermənistanın hərbi təxribatı nəticəsində cəbhə xəttinə yaxın yaşayış məntəqəsində 2 yaşlı Zəhra Quliyevanın həlak olması məsələsini bildirməsi bu gün dünyanın stabilliyinin çox vacib məsələ olduğunu nümayiş etdirir ”.
A. Mirzəzadə hesab edir ki, Azərbaycanın 22-ci Dünya Neft Konqresində iştirakı özünün təcrübəsi və baxışını digər ölkələrlə bölüşməsi konqresin səmərəli keçməsinə çox böyük kömək edəcək: “Ümumiyyətlə, Azərbaycan neft istehsal edən ölkə kimi neftin qiymətinin stabilləşməsində, bu faktorun dünyada gedən proseslərə ilk öncə müsbət amil kimi təsir etməsində maraqlıdır. Çox təəssüf ki, neftin qiymətinin “oynaması”, neft çıxaran ölkələrin bir çoxunun vətəndaş müharibəsi və ya qarşıdurmaya cəlb edilməsi neftin qiymətinə, bu isə ümumilikdə dünyada stabilliyin təmin edilməsinə ciddi təsir edir. Azərbaycan öz nümunəsində neft faktorunun ilk növbədə inkişafa təsir etməsinin mümkünlüyünü göstərir”.
Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünə toxunan deputat söyləyib ki, Azərbaycan-Türkiyə qardaşlığı regionun stabilliyinin qarantıdır: “Azərbaycan və Türkiyə qardaş, dost ölkə olmaqla yanaşı bütün məsələləri birgə həll edən ölkələrdəndir. Konqresin İstanbulda keçirilməsindən istifadə edərək əlbəttə ki, Azərbaycan və Türkiyə Prezidentləri növbəti dəfə görüşərək, fikir mübadiləsi apardılar. Bu gün hər iki ölkə dünyaya yaxşı münasibətlərin necə olmasının nümunəsini göstərir. Eyni zamanda Azərbaycan Türkiyənin inkişafında, onun problemlərinin azalmasında çox maraqlıdır. Prezident İlham Əliyevin konqresdə çıxışı zamanı “Türkiyə gücləndikcə Azərbaycan da güclənir” fikrini bildirməsi ölkəmizin bu münasibətlərə nə qədər əhəmiyyət verdiyini göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə