Siyavuş Novruzov: "ÜAK-ın ləğvi münasibətlərin pisləşməsinə xidmət edən addımdır”
Milli Məclisin plenar iclası davam edir. SİA-nın xəbərinə görə, iclasda cari məsələlər müzakirə edilir. İlk çıxış edən millət vəkili Siyavuş Novruzov Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsi məsələsinə münasibət bildirib.
Sözügedən məsələnin Azərbaycan ictimaiyyətini narahat etdiyini deyən S. Novruzov bildirib ki, ÜAK-ın Rusiyanin Ədliyyə Nazirliyinin müraciəti əsasında ləğv edilməsi Azərbaycan-Rusiya arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyır: "Rusiyada bəzi qüvvələr öz dövlət maraqlarını üstün tutaraq Azərbaycan-Rusiya arasında münasibətlərə xələl gətirməyə çalışır. Bu məsələlərin qarşısı alınmalıdır. Azərbaycanda Rusiya ilə bağlı məktəb, bağçalar var. Bu addım ümumi münasibətlərin pisləşməsinə xidmət edən addımdır".
Millət vəkili qeyd edib ki Azərbaycan hər zaman Rusiya ilə bağlı hər hansı bir məsələ olduqda öz neytrallığını qoruyub saxlayır, başqa siyasətə qoşulmur, tərəfsiz siyasət həyata keçirir: "Lakin Rusiyadan bunun qarşılığını görmürük. Hesab edirəm ki, Azərbaycan Parlamenti, eləcə də dostluq qrupu Rusiyaya ciddi müraciət etməlidir".
Çıxışı zamanı aidiyyatı strukturlara müraciət edən S. Novruzov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərərən Rusiya QHT-ləri qanunvericilik və fəaliyyət baxımından Azəraycan qanunlarına uyğun şəkildə hesabat təqdim etməlidir: "Çünki bu, ciddi və ictimaiyyəti narahat edən məsələdir. Partiyalararası və dövlətlərarası əlaqələr ölkələr arasında münasibətlərin korlanmasına xidmət edən addıma yol verməməlidir. Rusiya parlamentindəki dostluq qrupunun üzvləri münasibət bildirməlidir ki, iki ölkə arasında münasibətlər korlanmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB