"Türkiyə ilə birgə təlimlər düşmənləri təşvişə salır" AÇIQLAMA

"Türkiyə ilə birgə təlimlər düşmənləri təşvişə salır" AÇIQLAMA

"Türkiyə dünyada Azərbaycanın ən yaxın dostu və qardaşıdır. Ulu Öndərin də dediyi kimi, biz "bir millət iki dövlətik". Bu baxımdan Azərbaycan-Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq var və bu inkişaf edən xətt üzrə davam edir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Ölkəmizin Türkiyə ilə hərbi əməkdaşlığını daha da inkişaf etdirmək əzmində olduğunu deyən deputat söyləyib ki, burada məqsəd təhlükəsizliyimizin təmin olunması, müdafiə qüdrətimizin yüksəldilməsidir.

E.Məmmədov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın güclü olması və bu əməkdaşlıqdan irəli gələrək bir döyüş atışlı taktiki təlimlərin keçirilməsi həm Ermənistanı və havadarlarını məyus edir, həm də onları təşvişə salır: "Lakin bizim birgə təlim keçirməkdə məqsədimiz heç bir dövlətə qarşı yönəlməyib. Bu, sadəcə özünün döyüş və müdafiə qabiliyyətini yüksəltmək, uğurlara nail olmaq üçün hər iki ölkə tərəfindən atılan növbəti addımdır. Bununla Azərbaycan və Türkiyə eyni zamanda onları sevməyən ölkələrə mesaj göndərərək, onların hər zaman bərabər və lazım olan anda birgə güclərini göstərmək qabiliyyətinə malik olduqlarını bildirmək istəyir".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçiriləcək. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə