Türkiyədən Qarabağdakı "referendum"a sərt reaksiya XİN

Türkiyədən Qarabağdakı "referendum"a sərt reaksiya XİN

Türkiyə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi planlaşdırılan "referendumu" tanımayacaq. SİA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir. Bildirilib ki, bu "referendum" beynəlxalq hüququn prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qərarlarının, ATƏT prinsiplərinin açıq pozulması deməkdir. Bu və buna bənzər tədbirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlik səylərə də zərər verir.

"Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün növbəti dəfə pozulmasına yönəlmiş bu hadisəni qınayır. Qeyri-qanuni olan bu "referendum" və nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığa ən böyük maneə olmaqda davam edir. 2016-cı ilin aprel ayında Dağlıq Qarabağdakı təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan insidentlər "status-kvo"nun davam etdirilməsinin mümkünsüzlüyünü, münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasının vacibliyini ortaya qoydu. ATƏT-in Minsk qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinə yönəlmiş səyləri dəstəkləməyə davam edəcək", deyə XİN bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə