Rusiyanın Nijni Novqorod şəhərində 1990-cı ilin 20 yanvarında Bakıda törədilmiş qanlı hadisələrin nvöbəti ildönümü qeyd edilib. SİA-nın verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin yerli bölmələri təşkil etdiyi anım gecəsi faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri açan ÜAK Nijni Novqorod bölməsinin icraçı direktoru, ÜAK Mərkəzi Şurasının üzvü Roman Ağayev faciənin tarixindən, eləcə də Bakı şəhərinə yeridilən sovet ordusu hissələrinin ağır silah-sursat və müasir hərbi texnikanın istifadəsi ilə dinc sakinlərə qarşı törətdiyi amansız qanlı qırğından söz açıb. R.Ağayev qeyd edib ki, Mixail Qorbaçovun başçılıq etdiyi sovet hökuməti Bakıda öz vətəndaşlarına – təsadüfi piyadalara, evlərində olanlara və Ermənistanın Azərbaycan torpaqlarına qanunsuz və əsassız iddialarını dəstəkləyən SSRİ rəhbərliyinin bacarıqsız siyasətinə dinc etiraz edənlərə qarşı dəhşətli cinayət aksiyası həyata keçirib. R.Ağayev həmçinin faciənin ertəsi gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sovet rəhbərliyinin cinayətkar addımını kəskin şəkildə qınayaraq, bununla da Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirdiyini xatırladıb. O, 2000-ci ildə isə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə "20 yanvar şəhidi" fəxri adının təsis edildiyini, 20 yanvarın isə Azərbaycanda Ümumxalq matəm günü elan olunduğunu vurğulayıb. ÜAK regional bölməsinin icraçı direktoru həmçinin qeyd edib ki, 2001-ci ilin yanvarında Azərbaycana səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin Bakıda Şəhidlər Xiyabanını ziyarət edib və xatirə kitabına ürək sözlərini yazıb: "1990-cı il Bakıdakı qanlı hadisələri müasir Rusiya ilə əlaqələndirməyən Azərbaycan xalqı Rusiya dövlət başçısının bu jestini yüksək dəyərləndirir".
1990-cı ilin 20 yanvar faciəsi zamanı Moskvada azərbaycanlıların etiraz aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olan Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsinin dosenti, ÜAK Mərkəzi Şurasının üzvü Oqtay Hüseynov tədbirdə çıxış edərək Sovet Ermənistanın milliyətçi siyasətinə və Dağlıq Qarabağda separatizmə SSRİ rəhbərliyinin açıq dəstəyindən, çoxmillətli Azərbaycan xalqının buna haqlı narazılığından danışıb. "Təzyiqlərə baxmayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyinə gəldi, çoxsaylı xarici KİV təmsilçiləri qarşısında çıxış edərək Azərbaycanın düşdüyü informasiya mühasirəsini yardı, qanlı aksiyanın mahiyyətini açıqlayaraq SSRİ rəhbərliyini Bakının dinc əhalisinə qarşı cinayət törətməkdə ittiham etdi və bu faciəyə siyasi qiymət verdi", - deyə O.Hüseynov bildirib.
Daha sonra tədbirdə ÜAK Mərkəzi Şurasının üzvü Anar Həsənov, Nijni Novqorod Dövlət Texniki Universitetinin professoru Yan Şvarts, Moskva Dövlət Nəqliyyat Universiteti Nijni Novqorod filialının direktoru, texniki elmlər namizədi Andrey Xomov, ÜAK regional bölməsinin sədri, ÜAK Mərkəzi Şurasının üzvü Azad Səmədov çıxış ediblər. Rusiya Azərbaycanlı Gənclər Birliyinin Nijni Novqorod nümayəndəliyinin rəhbərli Oksana Vəliyeva tədbirin qonaqları və iştirakçılarına israilli fotoqraf, 20 yanvar hadisələrinin şahidi, bakılı Boris Dobinin işlərini təqdim edib, britaniyalı jurnalist Tomas de Vaal, tanınmış rusiyalı kinorejissor Stanislav Qovoruxin və başqalarının faciə ilə bağlı xatirə yazılarını oxuyub .
Çıxışlardan sonra "Qara yanvar" sənədli iştirakçıların diqqətinə təqdim edilib. Sonda 20 Yanvar faciəsi ilə əlaqədar ÜAK Nijni Novqorod regional bölməsinin Müraciəti qəbul olunub. Tədbirdə Nijni Novqorod vilayəti regional siyasət nazirinin müavini Olqa Şumakova, şəhər ali təhsil ocaqlarının tələbələri, yerli Azərbaycan icmasının təmsilçiləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB