Sentyabrın 19-da "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib.
O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları, o cümlədən qadınlar sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. F.Vəliyev bu prosesdə Şəmkir rayon qadınlarını da fəal olmağa çağırıb.
Görüşdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sahibə Qafarova tədbir iştirakçılarını salamlayaraq Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən biri olduğunu deyib. Sahibə Qafarova bildirib ki, qadınlar dövlət idarəçiliyində təmsil olunur, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən səlahiyyətli nümayəndə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan Sahibə Qafarova bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".
Çıxış edən Milli Məclisin deputatı Sona Əliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən geniş bəhs edib. Sona Əliyeva bununla yanaşı, Azərbaycan dövlətinin qadın siyasətindən, həmçinin, qadınların ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan da danışıb. Qeyd etdi ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli günlərini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar: "YAP qadınları da ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Onlar Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər. Onların həm partiya işində əldə etdikləri təcrübə, həm də qazandıqları nailiyyətlər örnəkdir. Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi Ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir. Ulu Öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonra Çıxış edən YAP Şəmkir rayon Qadınlar Şurasının sədri Nüşabə Seyidova bildirib ki, Konstitusiya islahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu əlavə və dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq".
Çıxış edən Şəmkir rayonu Kür qəsəbə Mədəniyyət evinin direktoru Rəfiqə Mürsəlova bildirdi ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.
Görüşdə çıxış edən Şəmkir Qadın Resus Mərkəzi İctimai Birliyinin sədri Səbinə Hüseynova, Şəmkir rayonu Düyərli kənd 2-saylı tam orta məktəbin müəlliməsi İlhamə İbrahimova və digər qadınlar da qeyd etdilər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər. Əminliklə əlavə etdilər ki, onlar bütün seçkilərdə olduğu kimi 26 sentyabr tarixində keçiriləcək Referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə "HƏ" deyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB