Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı Lerikdə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" təşviqat qrupunun rayon şöbəsinin sədri Elxan Qənbərov, millət vəkili İqbal Məmmədov, rayon ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və qadınlar iştirak ediblər.
Görüşü giriş sözü ilə açan rayon "Yeni Azərbaycan" təşviqat qrupunun rayon şöbəsinin sədri Elxan Qənbərov bildirib ki, hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir: "Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".
Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışıb. O bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Onu da qeyd edim ki, prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır".
Daha sonra çıxış edən millət vəkili İqbal Məmmədov söyləyib ki, Referendum Aktı layihəsi xalqın müzakirəsinə verilib: "26 sentyabrda isə həmin layihəyə ümumxalq səsverməsi keçiriləcək. Hazırda ölkəmizin hər yerində olduğu kimi Lerik rayonunda da referendum aktı layihəsi müzakirə olunur, və bu mühüm prosesə ciddi hazırlıq işləri görülür. Hər şeydən əvvəl qeyd edim ki, Konstitusiyanın və ona edilən dəyişiliklərin başlıca məqsədi ölkədə demokratik, dünyəvi dövlət quruculuğunun, bazar iqtisadiyyatı prinsiplərinin hüquqi bazasının möhkəmləndirilməsindən, qanunlarımızın beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasından, insanların sosial müdafiəsinin gücləndirilməsindən, insanın hüquq və azadlıqlarının hüquqi təminatının təkmilləşməsindən ibarətdir".
Tədbirdə çıxış edən seçicilər də Referenduma ediləcək dəyişiklik və əlavələrlə tanış olduqlarını və ona səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB